"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin saytında bildirilir. Qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin təbii gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
Daha sonra sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistanın Konstitusiya Məhkəməsinə göndəriləcək.
Xatırladaq ki, avqustun 30-da Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı imzalayıblar.
Elxan SALAHOV