"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan Baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı bəyanatını şərh edərkən bildirib. O, deyib ki, Rusiyadan uzaqlaşmaq xəttini inkişaf etdirən Paşinyan hökuməti Qərbin də marağında olan Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə barışmalı olacaq: "Zəngəzur dəhlizi açılmadan Paşinyan sülh müqaviləsi bağlaya bilməz, çünki Qərb bunu tələb edir: Bu dəhliz Qərbin nəzarətində olmalıdır ki, Türkiyə, Naxçıvan, Xəzər dənizi, Mərkəzi Asiya, bütün bu xətt Rusiyanın nəzarəti olmadan işləsin”.
Erməni politoloq Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dediklərini şərh edərkən mühüm məqama toxunub. Armen Badalyanın sözlərinə görə, Ermənistanın Baş naziri Azərbaycanla kommunikasiyaların açılması məsələsində bir çox məəqamları hələ də dərk edə bilmir. Onun sözlərinə görə, Paşinyanın bu layihə ilə bağlı aydın təsəvvürü yoxdur: “Ona görə də eyham vurur ki, Zəngəzur dəhlizinə özəl şirkət nəzarət edə bilər. Halbuki onun fikirlərində anlaşılmaz məqamlar var, deyir ki, biz 9 noyabr bəyanatının bir hissəsində imzanı geri götürmürük, çünki Rusiya və Azərbaycan öz öhdəliklərini yerinə yetirməyib. Yəni, Paşinyan demək istəyir ki, digər tərəflərin öhdəliklərini yerinə yetirməsini gözləyir. Ona elə gəlir ki, hiyləgərlik edir və bunu ancaq özü başa düşür".
Armen Badalyan Baş nazirin Rusiya ilə bağlı söylədiklərinə də münasibət bildirərkən onun Moskvanın tələbləri qarşısında geri çəkilməyə məcbur olduğunu deyib: "Paşinyan dedi ki, Rusiya ilə sərt danışmaq olmaz, çünki güclü ölkədir. Əminəm ki, Rusiya geosiyası qarşıdurmadan qalib ayrılsa, Paşinyan deyəcək ki, mən anti-Rusiya bəyanatlarına icazə verməmişəm, sizə hörmətlə yanaşıram, ona görə də 2026-cı ildə baş nazir kimi qalmağıma icazə verin. Onun siyasəti günün axarı ilə yaşamaqdır, düşünür ki, Rusiya Ukrayna müharibəsində uduzsa, Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcək".
Elxan SALAHOV