Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov deyib.
BAK sədri qeyd edib ki, seçkilər hər bir xalqın ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu mənada həmin prosesə xüsusi önəm verilir: “Biz tarixi anlara şahidlik edəcəyik. İşğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər bu tarixin iştirakçısı olacaqlar. Başqa ölkələrdə yaşayan azərbaycanlılar isə seçkiləri xaricdən fərəh hissi ilə izləyəcəklər. Bizə məxsus olan torpaqları necə geri qaytarmışdıqsa, o əraziləri elə də uğurla bərpa edirik. Bərpa prosesləri tam bitməmiş doğma el-obasına geri dönən vətəndaşlarımızın seçki hüququnu da təmin edirik. Bu, ciddi siyasi hadisədir. Torpağa, Vətənə, Qarabağa verilən dəyərin bariz nümunəsidir. Dünyaya Qarabağın bizim üçün necə dəyərli olduğunu nümayiş etdirəcəyik. Vaxt var idi bu torpaqlarda üzü bizə tuşlanan silahlar quraşdırılırdı. İndi isə qalib xalqımız, dövlətimiz seçki qutuları quraşdıraraq seçkiyə gedir. Xalqımız sülhün, demokratiyanın tərəfdarı olduğunu nümayiş etdirir”.