18.10.2024, 20:27
AZ EN
31.07.2024, 12:35 303

Türkiyə sərhədlərin açılması üçün Ermənistana şərt qoyub

XƏBƏRLƏR
  • "Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 30-da iki ölkənin ortaq sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında beşinci görüşlərini keçiriblər".

"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hər iki ölkənin xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. Onlar həmçinin Akyaka-Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, Türkiyə və Ermənistan münasibətlərinin normallaşasm üzrə xüsusi nümayəndələr 2 ildən sonra yenidən bir araya gəlib. Onlar bu dəfə üçüncü ölkələrdə deyil, iki ölkənin sərhədində görüşüb. Tərəflər arasında sonuncu görüş 2022-ci ildə Vyanada keçirilib. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olunub. Ancaq hələlik bu razılaşma yerinə yetirilməyib.

Dünənki görüşün birinci yarısı səhər saatlarında sərhədin Ermənistan, ikinci yarısı isə günortadan sonra Türkiyə tərəfində keçirilib. Tərəflər son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər. Türkiyənin dialoq üçün əvvəlcədən irəli sürdüyü şərt isə dəyişməz olaraq qalır. Belə ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında Ankaranın əsas şərti Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır.Yəni, Azərbaycanla sülh olmasa, Türkiyə Ermənistanla sərhədini açmayacaq. Çünki Ermənistan konstitusiyasında Azərbaycan və Tükiyəyə qarşı torpaq iddiaları var. Rəsmi Ankara da bu iddiaların geri götürülməsini istəyir və bəyan edir ki, İrəvan bu addımı atarsa, Türkiyə sərhədlər açmağa hər an hazırdır. Əks halda Qarabağın işğalından sonra İrəvanla bütün diplomatik əlaqələri kəsən Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi ola bilməz.

Elxan SALAHOV

Oxşar xəbərlər