23.11.2024, 06:54
AZ EN
11.06.2024, 21:46 226

UNESCO-dakı daimi nümayəndə: Bakı iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır

XƏBƏRLƏR
  • COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır.

Bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyasının iştirakçısı olan Dövlətlərin Baş Assambleyasının 10-cu sessiyasında bildirib.

“İqlim dəyişikliyinin Qeyri-maddi mədəni irsə təsiri Azərbaycan üçün mühüm məsələdir. Bu ilin noyabrında keçiriləcək COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin çovqan, muğam kimi maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət yetirir”, – Elman Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, Bakı daim elm və mədəniyyət qurumunun “potensialın artırılması proqramlarını dəstəkləyib”:

“Azərbaycan fövqəladə hallar, o cümlədən silahlı münaqişələr, köçkünlük halları və Kamerundakı qaçqın düşərgəsində pilot tətbiq üçün hazırlanmış təbii fəlakətlər kontekstində qeyri-maddi mədəni irsin qorunması üzrə yeni potensialın yaradılması materiallarının hazırlanmasına məqsədyönlü töhfə verib”.

Bundan başqa, daimi nümayəndə “Azərbaycan xalqının Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində uzun müddət öz qeyri-maddi mədəni irsini ifadə edə bilməkdən məhrum olduğuna, bunun isə mədəni irsə çıxışı əngəllədiyinə” diqqət çəkib.

“İşğaldan azad edildikdən sonra biz mədəni həyatın nəzərəçarpacaq dərəcədə canlanmasının və çoxşaxəli mədəni irsimizin bərpasının şahidi oluruq. Tarixi yerlərin dirçəldilməsi, mədəniyyət müəssisələrinin yenidən açılması və ənənəvi təcrübələrin canlanması bu ərazilərdə mədəni irsimizin bərpası və qorunub saxlanılmasının mühüm mərhələləridir”, – o qeyd edib. (Report)

Oxşar xəbərlər