23.12.2024, 16:56
AZ EN
16.12.2023, 18:00 247

Azərbaycan əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik ölkədir

XƏBƏRLƏR
  • Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi ilə bağlı konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) nəzdində hər il keçirilən konfransdır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və ölkələrin atmosferə buraxdığı istixana qazı emissiyalarını azaltmaq və Kiota Protokolunu müzakirə etmək üçün keçirilir. Kioto Protokolu qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda mübarizə aparmaq üçün tək beynəlxalq protokoldur. Protokolu imzalayan ölkələr karbondioksid və qlobal isinməyə səbəb olan beş qazın miqdarını 1990-cı ildəki səviyyəyə qədər azaltmağa razılaşıblar. BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı 1995-ci ildə Berlin şəhərində keçirilib. Konfrans hər il konvensiyanın müddəalarının yerinə yetirilməsini nəzərdən keçirmək, onun qaydalarının daha da inkişaf etdirilməsinə qərar vermək və yeni öhdəliklər barədə danışıqlar aparmaq üçün toplaşan ali orqandır.

Bu sözləri Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Onun sözlərinə görə, COP28-in dekabrın 11–də keçirilən plenar iclasında COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması bu il əldə etdiyimiz növbəti böyük uğurlardandır: “Hər il dünyanın müxtəlif yerlərindən olan dövlət və hökumət nümayəndələri toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Ümumilikdə belə tədbirlərdə 100 minə yaxın insan iştirak edir. COP BMT-nin ən genişmiqyaslı tədbirlərindən biridir.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. COP29-u keçirmək 2024-cü il üçün Şərqi Avropa regional qrupuna düşürdü. Şərqi Avropa qrupuna düşən Azərbaycan Konfransı 2024-cü ildə keçirməyi təklif etmişdi. Eyni zamanda, Ermənistan və Bolqarıstan da bu tədbiri keçirməyə iddialı idilər. Amma 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü”.

Politoloq bildirib ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi barədə qərarın verilməsi bu ilin sentyabr ayında baş tutan antiterror tədbirlərindən sonra ölkəmizə qarşı ermənipərəst qüvvələr tərəfindən başladılan qarayaxma kampaniyasına verilən tutarlı cavabdır. Ölkəmiz dəfələrlə beynəlxalq miqyaslı mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını göstərib. Azərbaycanın belə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyətinə bəllidir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı davamlı və uğurlu siyasət, Vətən müharibəsində qazandığımız şanlı Zəfər, Avropanın enerji təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyət və qlobal məsələlərin həllində oynanılan rol ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlətimizin başçısının siyasi iradəsi və geniş təcrübəsi sahəsində aparılan siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artır.

Azərbaycanın dünyanın ən böyük və əhəmiyyətli dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Prezident İlham Əliyevin növbəti təntənəli uğurudur. Bu, Təhlükəsizlik Şurasına üzvlüyümüzdən və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük qələbəsidir. Bununla bir daha sübut olundu ki, Azərbaycanla təzyiq, zor dilində danışıla bilinməz. Bizimlə ancaq əməkdaşlıq etmək mümkündür.

Ölkəmiz qlobal problemlərdən olan iqlim dəyişikliklərinə qarşı səyləri səfərbər etmək və bu istiqamətdə töhfə vermək üçün dünyanın diqqət mərkəzində olacaq. Azərbaycan1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Ölkəmizdə yaşıl enerjinin istehsalı sahəsində böyük imkanlar və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə böyük müqavilələr bağlanılıb. Qonşu ölkələrin və Avropa dövlətlərinin yaşıl enerji ilə təmin olunması üçün böyük layihələr işlənilir. İşğaldan azad olunmuş ərazilərimiz Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilib və bütün infrastruktur layihələr yaşıl enerji meyarı əsasında qurulur ki, sonra bütün ölkə ərazisinə şamil ediləcək”, - deyə Y.Hacızadə vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər