"Hələ aprelin 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan demişdi ki, Moskva-İrəvan münasibətləri çətin dövrlərdən keçir. Təəssüf ki, vəziyyət doğrudan da belədir və mən Baş nazirin fikirləri ilə razılaşmalıyam".
"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazir nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib. O bildirib ki, İrəvan əsassız olaraq Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edir: “Mən burada Qərbin Ermənistana qarşı təxribat siyasətinin nəticəsini görürəm. Onlar bütün gücləri ilə İrəvanı Rusiya ilə qarşıdurmasının Qərb sxemlərinə cəlb etməyə çalışırlar, Ermənistanın təhlükəsizliyi və erməni xalqının maraqları haqqında heç düşünmürlər”.
Qaluzinin fikrincə, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq kimi qeyri-real istəyi ilə əlaqədar antirusiya yanaşmalarını tətbiq etmək üçün maliyyə-iqtisadi potensialından istifadə edir: “Halbuki Rusiya Ermənistan üçün ən böyük investordur, Rusiya kapitallı müəssisələr isə respublika büdcəsinin əsas vergi ödəyiciləridir. Bu gün Ermənistanda ÜDM-in artımı daha çox Aİİ məkanında sıx iqtisadi əlaqələrlə bağlıdır. Biz hər şeyə ciddi yanaşırıq, ciddi insanlarıq, Ermənistanda Rusiyanın onun üçün unikal, danılmaz rolunun dərk edilməsinin üstünlük təşkil edəcəyini gözləyirik. Heç bir Qərb ölkəsi və yaxud bütövlükdə Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz”.
Lavrovun müavini onu da əlavə edib ki, Rusiya həm KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, həm də ikitərəfli sazişlərə uyğun olaraq Ermənistanı özünün ən yaxın müttəfiqi, təhlükəsizlik sahəsində ən mühüm tərəfdaşı hesab edir.
Xatırladaq ki, 44 günlük müharibə zamanı bir neçə dəfə KTMT-dən hərbi dəstək istəyən Ermənistan istədiyinə nail ola bilməyib. Bundan sonra Paşinyan hökuməti Rusiyadan incidiyini və hətta KTMT-dən çıxacağını bəyan edib. Hazırda birlik daxilindəki fəaliyyətini faktiki olaraq donduran İrəvan KTMT-nin üzvü kimi qalsa da, təşkilata üzvlükhaqqı ödəməkdən də imtina edib.
Elxan SALAHOV