Məqalənin müəllifi olan fransız jurnalist Jan Mişel Brən qeyd edir ki, İslamofobiya Fransa cəmiyyətini öz ağuşuna alıb və məhz bu ideologiya vasitəsilə bəziləri inandırmaq istəyir ki, Cənubi Qafqazdakı münaqişə (Qarabağ münaqişəsi) dini zəmində baş verən bir qarşıdurma idi.
Müəllif bu mövqeyi kəskin şəkildə pisləyərək əlavə edir ki, Azərbaycan Ermənistandan fərqli olaraq dünyəvi ölkədir və o, burada böyük bir xristian icmasının – Şərqi xristianların da yaşadığını, habelə multikulturalizmin Azərbaycanda dərin kök salmış adət-ənənələrdən olduğunu da bildirir.
Məqalədə qeyd edilir ki, Şuşanın işğaldan azad edilməsi ikiqat rəmzi məna daşıyır. Belə ki, bu, bir tərəfdən azərbaycanlılar üçün ərazi bütövlüyünün bərpasının, digər tərəfdən isə ermənilər üçün ekspansiya siyasətinin iflasa uğramasının simvoludur.
“Musulmans en France” xəbər portalının komandası azərbaycanlı məşhur muğam ifaçısı və Şuşanın banisi Pənahəli xanın nəvəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova - Verdiyeva ilə də həmsöhbət olub.
"Pənahəli Xan Cavanşir Qarabağ xanlığının hökmdarı idi. 1752-ci ildə o, 1300-1600 metr hündürlükdə, düşmən hücumları üçün əlçatmaz olan sıldırım qayalarla əhatə olunmuş bir qala şəhəri salmaq qərarına gəldi. Əvvəlcə bu şəhər onun yaradıcısının şərəfinə Pənahabad adlandırıldı, sonralar isə bu şəhərə Şuşa adı verildi.
Pənahəli xan şəhəri 17 rayona bölmüşdü. Hər birinin öz məscidi, su bulağı və hamamı var idi. Lakin Xan təkcə döyüşçü və inşaatçı deyildi. O, həm də estet idi (xarüqələr yaradırdı). O, Şuşanın Azərbaycanın incisi olmasını istəyirdi. Pənahəli Xan arzu edirdi ki, Şuşada musiqiçilər, alimlər, incəsənət xadimləri tez-tez bir araya gəlsin. Şuşada yaşamağa layiq olmaq lazım idi”, - deyə Bəyimxanım Cavanşirova müsahibəsi zamanı qeyd edib.
Məqalədə jurnalist Brən təəssüflə vurğulayıb ki, 1993-cü ildə erməni silahlı qüvvələrinin hücumuna məruz qalan şəhər boşaldılaraq, təmamilə kimsəsizləşdi.
“Yalnız bir neçə erməni ordusunun zabiti orada məskunlaşdı. Şəhərin füsunkar tikililərinin əksəriyyəti söküldü, digərləri isə təmamilə baxımsız vəziyyətdə qaldı", - deyə məqalədə vurğulanıb.
Qarabağ işğaldan azad olunan kimi şəhərin yenidən qurulmasına başlanıldı.
“Şuşa sürətlə yenidən dirçəlir. Maraqlısı budur ki, bu şəhərdə hətta mövcud olan erməni kilsəsi də restavrasiya edilir. Lakin işğal dövründə xeyli sayda məscid, alban və pravoslav kilsələri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, eləcə də təhqir edilib. Görəsən, ermənilər buna görə azərbaycanlılardan üzr istəyiblərmi?", - deyə fransız jurnalist bildirib. (Trend)