Ermənistanla Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşib. Buna səbəb 2020-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasında başlanan müharibədir. Ermənistan Qarabağda baş verən hərbi toqquşmalarda uduzmasına görə Moskvanı günahlandırır. Bu ilin sentyabrında isə Azərbaycanın Qarabağ regionunda aparılan antiterror tədbirlərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, üçtərəfli razılaşma əsasında bölgədə yerləşən Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirməyiblər. Moskva isə dəfələrlə vurğulayıb ki, hərbi qulluqçular öz mandatları çərçivəsində mümkün olan hər şeyi ediblər.
"Vətən səsi" xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetində dərc olunmuş məqalədə belə deyilir. Bildirilir ki, Paşinyan Qarabağdakı sülhməramlılarla yanaşı KTMT-ni də fəaliyyətsizlikdə ittiham edir: “Başinyan iddia edir ki, giya, Azərbaycan Ermənistanın ərazisinə zərbələr endirib və KTMT buna heç bir reaksiya verməyib. O, həm də İrəvanın KTMT-dən çıxa biləcəyinə eyham vurub. Daha bir vacib məqam nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlıdır. Üçtərəfli bəyanatda göstərilir ki, Ermənistan öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında keçid verməyə razıdır, bu yola da Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) nəzarət edəcək. İndi isə Paşinyan bildirir ki, Rusiya qüvvələri Ermənistan ərazisinə nəzarət etməməlidir".
“İzvestiya”da dərc olunan məqalədə o da bildirlir ki, Ermənistanla Rusiya arasındakı isti münasibətlərin soyuması və hətta gərgin həddə çatması İrəvanın Moskva ilə əlaqələri arxa plana ataraq Qərb ölkələrinə üz tutması ilə bağlıdır: “Paşinyan Avropa Parlamentində çıxış edərək ölkəsinin Avropa İttifaqının mümkün hesab etdiyi qədər birliyə yaxınlaşmağa hazır olduğunu deyib. Xüsusən də İrəvanla Fransa arasında münasibətlər çox yaxınlaşıb, Paris hava hücumundan müdafiə radarları və zenit-raket sistemləri də daxil olmaqla Ermənistana silah tədarükünə razılıq verib.
Bununla belə, Moskvada hesab edirlər ki, Ermənistan hələ də Rusiyanın müttəfiqi olaraq qalır, onun MDB, Avrasiya İqtisadi Birliyi və ya KTMT-dən çıxsacağına inanmır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan uzun sürən fasilədən sonra dekabrın 26-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Rusiyaya gedib. Səfər çərçivəsində o, ikitərəfli və çoxtərəfli görüşlər keçirilib, rusiyalı həmkarı Vladimir Putinlə bir araya gəlib. Liderlərlə birlikdə “Yekaterina sarayı”, “Böyük Peterhof Sarayı” ilə tanış olan Paşinyanın Putinlə yaxınlaşması da diqqətdən qaçmayıb.
Elxan SALAHOV