Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Əli Hüseynli Azərbaycanla Çin arasında yüksək inkişaf dinamikası ilə seçilən münasibətlərin strateji xarakter daşıdığını və ölkələrimizin bir çox istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanın həmişə “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini diqqətə çatdırıb və Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsini də yüksək qiymətləndirib.
Əli Hüseynli ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını vurğulayıb, bir çox qlobal əhəmiyyətli layihələrdə, eləcə də Orta Dəhlizin reallaşması çərçivəsində birgə səylərini yüksək dəyərləndirib. Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında müntəzəm əlaqələrin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə və parlament müstəvisində əlaqələrimizin inkişaf etdirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı infrastruktur layihələrində Çin şirkətlərinin iştirakı barədə fikirlərini bölüşüb.
Şen Yueyue səfəri ilə bağlı xoş təəssüratlarını bildirib, göstərilən yüksək qonaqpərvərliyə, Azərbaycanda Çinə və Çin xalqına olan isti münasibətə, dəstəyə görə təşəkkür edib. Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolunu vurğulayan qonaq bu yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini səsləndirib.
Sonra Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, qrupun üzvü İsa Həbibbəyli ölkələrimiz arasında bir sıra istiqamətlərdə münasibətlərin gələcək perspektivləri haqqında danışıblar.
Söhbətdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar. (AZERTAC)