"Vətən səsi" xəbər verir ki, erməni mətbuatı anonsları yayımlanan həmin müsahibənin efirə getməməsinin səbəbini Baş nazir Nikol Paşinyanın rəsmi Bakının tələbləri qarşısında geri çəkilməsi ilə əlaqələndirir. Ermənilərin "Fakt" nəşri iddia edir ki, separatçıların keçmiş rəhbərinin müsahibəsində Paşinyanla bağlı sesnsasiyalı məlumatlar açıqlanacaqmış. Nəşr rəsmi Bakının həmin müsahibədən İrəvana qarşı istifadə etdiyini yazır: “Arutyunyanın müsahibəsi gündəmə gələndə onun bir çox sirri açacağı və Azərbaycanın bundan Ermənistana qarşı istifadə edəcəyi gözlənilirdi. Lakin anonsu rezonans doğuran müsahibə yayımlanmadı. Əvəzində həmin müsahibənin anonsundan iki gün sonra Paşinyan mətbuat konfransı keçirərək, kəndlərin Azərbaycana verilməsini gündəmə gətirdi. Altı gün sonra Tavuşa səfər etdi. İkinci səfərində tamam başqa şeylərdən bəhs etsə də, bir gün sonra kəndlərin qaytarılması ilə bağlı razılaşma ortaya çıxdı. İstisna deyil ki, Araik Arutyunyan müsahibəsində Ermənistan üçün xoşagəlməyən faktlar açıqlayıb və rəsmi Bakı bundan İrəvana qarşı istifadə edib".
Nəşr Paşinyanın sürətlə geri çəkilməsi və Qazaxın işğal altındakı kəndlərin qaytarılmasına razılıq verməsi ilə Bakıda həbsdə olan separatçı liderin efirə getməyən müsahibəsi arasında bağlılıq olduğunu iddia edir. Bildirilir ki, 4 kəndin Azərbaycana qaytarılmasının kökündə məhz həmin müsahibədə açıqlacaq sirrlər dayanırdı.
Elxan SALAHOV