14.03.2025, 21:47
AZ EN
05.04.2024, 16:13 327

İtaliya saytı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki mina problemindən yazıb

XƏBƏRLƏR
  • İtaliyanın “Kmetro0” informasiya agentliyi Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mina problemi ilə bağlı məqalə dərc edib.

Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar yayımlanan materialda Azərbaycanın Ermənistanın 30 ilə yaxın müddət ərzindəki işğal dövründə və müharibədən sonrakı illərdə mina problemindən ən çox əziyyət çəkən ölkə olduğu bildirilir. Mina terrorunun çoxlu sayda azərbaycanlının ölümünə səbəb olduğu, münaqişədən sonrakı dövrdə 350-dək insanın mina və digər partlayıcı qurğuların qurbanına çevrildiyi bildirilir.

Yazıda hazırda Azərbaycanın Ermənistan tərəfindən minalarla çirkləndirilən ərazilərində bu təhlükə mənbəyi ilə ciddi mübarizə aparıldığı vurğulanır. Bildirilir ki, Qarabağdakı mina təhlükəsi münaqişədən sonrakı dövrdə də Azərbaycan vətəndaşlarının həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyi olaraq qalır. Bu, həmçinin bölgədə bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olur.

Qeyd olunur ki, 44 günlük Vətən Müharibəsi və münaqişə başa çatdıqdan sonra da Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhlükəsini davam etdirmək üçün sui-istifadə edib. Bu fakt 2022-ci ildə, Laçın və Kəlbəcər rayonlarında Ermənistanda 2021-ci ildə istehsal olunmuş 2700-dən çox piyada əleyhinə mina aşkarlanarkən təsdiqini tapıb. 2023-cü ilin sentyabrında Azərbaycanın apardığı antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə və onun perimetrləri boyunca yerləşdirilmiş 500 mindən çox minanın aşkarlanması bu təhlükənin miqyasını nümayiş etdirən sübutlardandır. Bu, eyni zamanda, Ermənistanın son onilliklərdə guya mina istehsal və ixrac etməməsi ilə bağlı iddialarının da tamamilə əsassız olduğunu sübuta yetirib.

Vurğulanır ki, Azərbaycan Ermənistanı həmin təhlükəyə son qoymaq üçün mina xəritələri verməyə çağırsa da, bu ölkə uzun müddətdir ki, belə xəritələrin mövcudluğunu inkar edir. Bununla belə, beynəlxalq ictimaiyyətin təzyiqindən sonra verilən və minaların basdırıldığı ərazilərin kiçik hissəsini əhatə edən məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib. Son mina hadisələrinin 55 faizdən çoxu verilən məlumatın əhatə etdiyi ərazilərdən kənarda baş verib. Ermənistanın mina təhlükəsi ilə bağlı davranışı regionda münaqişədən sonrakı dövrdə qəbul edilmiş sülh və etimadın möhkəmləndirilməsi tədbirlərinə növbəti maneədir. Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməyə, bu ölkə tərəfindən mina xəritələrini təqdim etməyə və mina təhlükəsinin aradan qaldırılmasına dəstək verməyə çağırır. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR