09.06.2025, 18:36
AZ EN
29.03.2024, 11:53 341

Fransanın “siyasi üzdəniraqları” tarixin zibilliyindən çıxarıb onları “diriltməyə”, legitimləşdirməyə cəhd etməsi yolverilməzdir

XƏBƏRLƏR
  • "Martın 27-də Fransanın “Le Fiqaro” qəzetində Ermənistanın  vaxtilə Qarabağda yaratdığı qondarma separatçı rejimin tör-töküntüləri ilə müsahibə dərc olunub. 37 ildən sonra yenə də həmin Fransa “siyasi üzdəniraqları” tarixin zibilliyindən çıxarıb onları “diriltməyə”, legitimləşdirməyə cəhd edir. Cəmiyyətimizdə ikrah doğuran odur ki, bu iyrənc cəhd aprelin 5-nə nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-ABŞ üçtərəfli görüşündən cəmi 9 gün əvvəl baş verir". Bunu millət vəkili Ülvi Quliyev mətbuata açıqlamasında deyib.

Deputat  qeyd edib ki, NATO-nun sabiq Baş katibi Rasmussenin  rəhbərlik etdiyi “Ermənistanın dostlar şəbəkəsi” isə eyni mərkəzdən təşkil olunmuş təxribat planının tərkib hissəsi kimi Azərbaycan əleyhinə əsassız ittihamlar və qərəzli iddialar səsləndirir: "Yeganə fərq ondadır ki, keçmiş Baş katib bunu həm də maddi maraq qarşılığında edir. Açıq-aşkar görünən odur ki, sözdə sülhdən və dinc birgəyaşayışdan, qanunun və demokratiyanın aliliyindən danışan həmin dairələr bir-biri ilə əlaqəli şəkildə Azərbaycanın üzərinə gəlir, nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlı həyata keçirdiyimiz addımların qanuniliyini şübhə altına almağa çalışır, 37 il əvvəlki tarixi yenidən təkrarlamaq üçün “dəridən-qabıqdan” çıxırlar. Özü də bunu utanmadan, gizlətmədən, beynəlxalq hüquqla hesablaşmadan edirlər".

Ü.Quliyev daha sonra qeyd edib ki, vaxtilə “Humanite”nin, bu gün isə “Le Fiqaro”nun səhifələrində xunta rejiminin tör-töküntülərinə yer verib qucaq açanlar hələ də anlamaq istəmirlər, yaxud anlasalar da o təhlükənin fərqinə varmırlar ki, onların “söz azadlığı” və “demokratik dəyərlər” adı altında apardıqları təhlükəli informasiya “oyunu” separatçılığın təbliğinə, yeni münaqişə və müharibələrin alovlandırılmasına xidmət edir. Bu gün ölkəmizi hədəf seçənlər üç il əvvəl azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolunda keçirdikləri dinc etiraza kölgə salmağa, ona müxtəlif adlarla “don” geyindirməyə çalışırdılar. Eyni dairələr daha sonra Laçında sərhəd-keçid məntəqəmizin qurulmasını və ötən ilin sentyabrında həyata keçirdiyimiz anti-terror tədbirinin qanuniliyini şübhə altına almağa başladılar.  Rəsmi bəyanatları ilə yanaşı, beynəlxalq medianın köməkliyi ilə dünya ictimaiyyətini hələ də inandırmağa çalışırlar ki, Azərbaycanın suverenliyinin bərpasına xidmət edən addımları dünya ictimaiyyəti tərəfindən yolverilməz hesab olunmalıdır. Yeri gəlmişkən, bu cür əsassız iddialar AŞPA-nın və Avropa Parlamentinin anti-Azərbaycan ruhlu bütün qərəzli qətnamələrinin özəyini təşkil edir.

Siyasi qısqanclıqları ucbatından tarixi Zəfərimizin miqyasını hər fürsətdə kiçiltməyə çalışan, onu həzm edə bilməyən ölkə və təşkilatların Azərbaycan əleyhinə yönəlmiş qərəzli qətnamə və bəyanatlarına hansısa formada haqq qazandırmağa cəhd edən siyasət oyunbazları, eləcə də talelərindən, şəxsi uğursuzluqlarından inciyərək xaricə mühacirət etmiş  bəzi soydaşlarımız, nəhayət, anlamalıdırlar ki, insan üçün ən böyük cəza ictimai qınaqdır, xalqın tənəsidir. Hətta hüquq müstəvisində bu cür əməllər bağışlanılıb zamanla unudula bilsə də, xalq heç vaxt belə əməlləri bağışlamır və xalqın tənəsinin ömrü konkret zamanla məhdudlaşmır, bəzən isə bu tənənin ağırlığı altında gələcək nəslin də mənəvi əziyyət çəkməli olur. Nəticə çıxarmalı olduğumuz həqiqətlərdən və acı gerçəkliklərdən biri də məhz budur. 

Fransa Senatı isə daha uzağa gedərək, keçmiş “Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması” ilə bağlı beynəlxalq hüquqa zidd olan qətnamələr qəbul etməklə absurd mövqe ortaya qoyur: "Ermənistanın Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan Konstitusiyasının, digər qanunvericilik aktlarının dəyişdirilməsi, yaxud səkkiz kəndimizin dinc yolla geri qaytarılması ilə bağlı tələbimiz də eyni siyasi mərkəzlər tərəfindən Ermənistanın suverenliyinə qəsd kimi qələmə verilir. Azərbaycan Prezidenti başda olmaqla, digər rəsmilərimiz tərəfindən dəfələrlə bəyan edilsə də ki, Azərbaycan münaqişəni bitmiş hesab edir və Ermənistana qarşı heç bir müharibəyə hazırlaşmır, baş nazir Paşinyan və onun himayədarları dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, bu belə deyil, Azərbaycan bu gün-sabah nüharibəyə başlayacaq. Acınacaqlı olan budur ki, bu cür qərəzli anti-Azərbaycan tezislərinin təbliğində xaricdəki bəzi soydaşlarımızdan, onlara məxsus  Youtube kanallarından geninə-boluna istifadə olunur. Hətta ABŞ, Fransa, Rusiyanın rəsmi və qeyri-rəsmi sözçüləri, media təbliğatçıları “barıtı” çox tökdüklərinin fərqinə varıb, özlərinə çəki-düzən verərək susduqda belə, azərbaycanlı Youtuberlər dayanmaq bilmir, soykökləri ilə bağlı olduqları dövlətin maraq və mənafeyini çox asanlıqla unudurlar",- deyə Ü.Quliyev vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər