"Vətən səsi" xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Hazırda ermənilərin "Voskepar" adlandırdığı, əslində isə tarixi adı Əskipara olan kənddəki vəziyyətlə maraqlanan Paşinyan Azərbaycanla delimitasiya prosesinin Tavuşdan başlaya biləcəyini gizlətməyib. Onun ermən sakinlərlə görüşdüyü yer 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilən Yuxarı Əskipara kəndi ilə əsas hissəsi arasında yerləşir. Həmin ərazinin sovet dövründə qanunsuz şəkildə Ermənistana verilməsi Qazaxın Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərini Azərbaycanın əsas hissəsindən ayıraraq eksklava çevirib.
Xatırladaq ki, Nikol Paşinyan ötən həftə hökumət nümayəndələri ilə görüşündə delimitasiya prosesinin məhz Tavuşdan başlayacağını istisna etməmişdi. Onun bu fikirləri həm də ötən həftə keçirdiyi mətbuat konfransında söyləməsindən sonra Qazaxın işğal altında saxlanılan 4 yaşayış məntəqəsinin - Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana təhvil veriləcəyi müzakirəsi qızışıb. Ermənistan mətbuatı Baş nazirin sərhəd bölgəsində yaşayan ermənilərlə keçirdiyi görüşləri də həmin kəndlərin tezliklə Azərbaycana qaytarılacağına hazırlıqlarla bağlı olduğunu yazır.
Erməni Baş nazir sərhəd bölgəsində keçirdiyi görüşdən sonra bildirib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. O, deyib ki, Tavuş vilayətinə dünənki səfərinin məqsədi Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirməkdir.
Hələ də ermənilərin nəzarətində olan 8 kənd (7-si Qazaxın, 1-i Naxçıvanın) hüquqi cəhətdən Azərbaycan ərazisidir. Belə ki, həmin kəndlər beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınıb. Sözügedən yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə qaytarılması son iki ildə demilitasiya komissiyalarının ən çox müzakirə etdiyi məsələdir. Bu məsələ Moskva, Brüssel və Vaşinqton görüşlərində də bir neçə dəfə gündəmə gətirilib. Hətta Prezident İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında məhz həmin 8 kəndlə bağlı məsələ bir daha vurğulanmışdı. Ekspertlər bildirirlər ki, Paşinyanın həmin kəndlərlə bağlı son günlər verdiyi açıqlamalar real həyatda təsdiqini taparsa bu, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin pozitiv istiqamətdə inkişafına mühüm töhfə verəcək və digər məsələlər də tədricən həllini tapacaq.
Elxan SALAHOV