P.Vəliyeva bildirib ki, Azərbaycan 2009-cu ildə BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasını ratifikasiya edərək, əlilliyi olan şəxslərin müxtəlif sahələrdə hərtərəfli xidmətlərlə təmin olunması, onların hüquqlarının təşviqi və inklüzivləşdirilməsi üzrə öhdəlikləri yerinə yetirir. Azərbaycanda əlilliyi olan şəxslər üçün keyfiyyətli, inklüziv təhsilə çıxış, həmçinin infrastruktur və nəqliyyat sistemləri əlçatandır. Səhiyyə xidmətlərinə çıxış icbari tibbi sığorta çərçivəsində dövlət səhiyyə müəssisələri tərəfindən pulsuz təmin edilir. Sosial müdafiə proqramları əlilliyi olan şəxslərə və onların ailələrinə müavinət dəstəyi verir. Ümumi əhali arasında əlilliyi olan insanlar haqqında məlumatlılığın artırılması üçün mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma kampaniyaları aparılır.
O, həmçinin qeyd edib ki, Azərbaycanda əlillərin sayını artıran bəzi xarici amillər var. Yüzlərlə azərbaycanlı Ermənistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarını işğalı zamanı yerləşdirdiyi minaların təsirinə məruz qalıb. İnsanlar minaların partlaması nəticəsində həyatını, ayaqlarını, qollarını, gözlərini və bədənin digər hissələrini itirirlər. Minadan zərərçəkən şəxslər təkcə əlillik qazanmır, həmçinin aldıqları böyük bir travmadan sonra psixoloji problemləri yaranır ki, bu da onların həyatını və cəmiyyətə inteqrasiyasını ikiqat çətinləşdirir.
Ermənistan hələ də Qarabağ və Şərqi Zəngəzurda yerləşdirdiyi minaların xəritələrini təqdim etmir deyən P.Vəliyeva bəyan edib ki, Ermənistan minalardan zərər çəkmiş hər bir mülki şəxsə təzminat ödəməlidir. (AZƏRTAC)