Bunu Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında deyib.
E.Rama bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Onun sözlərinə görə, SGC layihəsi ölkələri, şirkətləri və beynəlxalq maliyyə institutlarını bir-birinə yaxınlaşdıran intensiv əməkdaşlıq körpüsünə çevirib:
“Bu gün hamımız şahidlik edə bilərik ki, Cənub Qaz Dəhlizi artıq bir çox insanların həyatını dəyişib və Avropanı daha təhlükəsiz edib. Avropa mayeləşdirilmiş təbii qaz tədarükünü artırdığı dövrdə Cənub Qaz Dəhlizi, şübhəsiz ki, Avropa İttifaqına nəql olunan boru kəməri qazının bir neçə sabit və rəqabətədavamlı mənbələrindən biri olaraq qalacaq”.
E.Rama qeyd edib ki, Albaniya bərpa olunan enerji layihələrinə sərmayə qoymaq və dayanıqlı infrastrukturu inkişaf etdirməklə SGC-dən faydalanmağa davam etməyi hədəfləyir. (Report)