“Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları Avropa Şurasında bərpa olunmazsa, biz həmin qrupdam tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxa bilərik”.
Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi bu fikir rəsmi Bakının qətiyyətli mövqeyini bir daha ortaya qoydu.
Belə bir sual yaranır. 2001-ci ildən bəri Avropa Şurasına üzv olan Azərbaycan qurumu tərk edəcəyi halda itirən hansı tərəf olacaq?
Siyasi müşahidəçilərin fikrincə, burda itirən tərəf Avropa Şurası olacaq. Çünki indiyə qədər qurum tərəfindən Azərbaycana münasibətdə ədalətli qərarların şahidi olmamışıq. Belə olan halda isə orda qalmaq mənasını itirmiş olur.
Millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, Avropa Şurası bu gün Azərbayacana qarşı qərəzli mövqe sərgiləyir. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etdiyinə görə belə bir manasibətin sərgilənməsi qəbuledilməzdir. Millət vəkili Avropa Şurasına söz demək üçün bir platforma olduğunu bildirməklə yanaşı, münasibətlərin pozulması zamanı itirən tərəfin Azərbaycan olmayacağına əmindir: “İstənilən beynəlxalq qurum ciddidi, qeyri-ciddidi, qəbul elədiyi qərarlar həyata keçir-keçmir, bir meydandır, bir kürsüdür. Orda hər ölkə öz sözünü deyir. Yalan, doğru. Bütün beynəlxalq qurumların kürsülərində bizə qarşı illər uzunu hədyanlar deyilib, yalanlar söylənilib. Orda bizim olmağımızın mənası nədir, biz orda anında, yerində cavab verə bilirik. Ona görə də beynəlxalq qurumlar əslində Azərbaycanı itirməklə normal, ciddi, müstəqil siyasətdə olan bir ölkə itirirlər”.
Qeyd edək ki, qurumdan çıxmaq prosesi London Müqaviləsi kimi də tanınan Avropa Şurasının nizamnaməsi ilə müəyyən edilir. Bu zamana qədər 1969-cu ildə Yunanıstan Avropa Şurasını tərk edib və 1974-də yenidən qayıdıb. Rusiya isə Ukrayna ilə müharibəyə başlayandan sonra Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ