20.12.2024, 21:59
AZ EN
28.02.2024, 19:15 323

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilib

XƏBƏRLƏR
  • Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün dünyada baş verən iqlim dəyişikliklərinin, müharibələrin, dövlətlərarası münasibətlərin pozulmasının su təsərrüfatında və onun idarə olunmasında ciddi problemlər yaratdığını və bu problemlərin Azərbaycandan da yan keçmədiyini deyib. Azərbaycanda bu sahədə uğurlu layihələrin həyata keçirildiyini qeyd edən komitə sədri görülən işlərin, nəzərdə tutulan tədbirlərin su təsərrüfatı sahəsindəki problemlərin həllinə böyük inam yaratdığını bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün dünyanı narahat edən su çatışmazlığı probleminin yaranma səbəblərindən, onun bəşəriyyətə, canlı aləmə və Azərbaycana təsirlərindən söz açıb. Etibarlı su təchizatını yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələ adlandıran komitə sədri su təhlükəsizliyini ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi kimi xarakterizə edib, ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda su təminatı ilə bağlı həyata keçirilən nəhəng layihələrdən danışıb. O, respublikanın su ehtiyatlarının formalaşması, ölkənin su təsərrüfatının idarə olunması, içməli suya və suvarma suyuna olan tələbatın ödənilməsi, suyun keyfiyyəti və onun təmizlənməsi, suya qənaət edilməsi və ondan səmərəli istifadə barədə fikirlərini bölüşüb.

Sonra mövzu üzrə geniş məruzə ilə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan dövlətinin ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verdiyini deyib.

Z.Mikayılov dünyada baş verən qlobal iqlim dəyişikliklərinin ətraf mühitə və onun ən əsas elementlərindən biri olan su ehtiyatlarına mənfi təsirlərini qeyd edərək, bununla bağlı ölkəmizin qarşısında su ehtiyatlarından səmərəli istifadənin təmini, su itkilərinin qarşısının alınması, sistemlərin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması ilə bağlı çağırışlar ortaya qoyulduğunu bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva su ehtiyatlarının gələcək proqnozlarının nikbin olmadığını qeyd edərək, onların səmərəli istifadəsi məsələsinin aktuallığını vurğulayıb.

O, Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsinin hazırlanması, su ilə bağlı vahid məlumat bazasının yaradılması haqqında məlumat verib. U.Tağıyeva alternativ su mənbələrindən istifadə sahəsində də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov isə qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində su ehtiyatlarının azalmasının aqrar sahənin su təminatında yaratdığı bir sıra çətinliklərdən danışıb. O, su ehtiyatlarından istifadənin və su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi, bu sahədə operativ koordinasiyanın təmin olunması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən bu istiqamətdə vacib tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, deputatlar Fəzail Ağamalı, Fatma Yıldırım, Məlahət İbrahimqızı, Jalə Əliyeva, İltizam Yusifov, Azay Quliyev, Rəşad Mahmudov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Rauf Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Tamam Cəfərova, Naqif Həmzəyev, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Vüqar Bayramov, Emin Haciyev, Müşfiq Məmmədli, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Eldar Abdullayev, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.

Sonda komitə sədri Sadiq Qurbanov və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dinləmədə qaldırılan məsələlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər. (AZERTAC)

Oxşar xəbərlər