"Vətən səsi" xəbər verir ki, bunu hərbi məsələlər üzrə təhlilçi, tanınmış jurnalist Elçin Alıoğlu bildirib. O, qeyd edib ki, Fransa Ermənistanı indiki intensivlikdə silahlandırmağa davam edərsə, bu ölkəni çox ciddi problem gözləyir: “Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfəri baş tutarsa, Fransa da Ermənistanı indiki temp, miqyas və intensivlikdə silahlandırmağa davam edərsə, bu ölkəni yeni, çox ciddi problem gözləyir".
Elçin Alıoğlu vurğulayıb ki, Ermənistan işğalında qalan 8 kəndin (söhbət Naxçıxanın anklav sayılan Kərki və Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərindən gedir) azad edilməsi Zəngəzur dəhlizinin də təhlükəsizliyinin təminatının reallaşmasını xeyli sürətləndirəcək: "Ötən ilin sentyabrın 19-da olduğu kimi, Rusiya bu dəfə də kənar müşahidəçi mövqeyi tutacaq. Qarşıdakı günlərə hazır olaq”.
Xatırladaq ki, Fransanın Ermənistanı intensiv şəkildə silahlandırması fonunda Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda İrəvana səfər etməyi planlaşdırır. Emənistan mətbuatının yaydığı məlumata görə, səfərin mart ayında reallaşacağı gözlənilir.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya-Ukrayna cəbhəsində qızğın döyüşlərin getdiyi bir vaxtda Zelenskinin Ermənistana səfəri edəcəyi barədə xəbərlər düşündürücüdür. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqdan hər vəchlə yayınmağa çalışır və Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır: "Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq".
Politoloq hesab edir ki, Volodimir Zelenskinin Ermənistana mümkün səfəri yalnız bir amillə izah edilə bilər: "Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml iki cəbhədə mübarizə aparmalı olacaq və Ermənistanı qorumağı vəd verən Qərblə münasibətlərini daha da gərginləşəcək. Zelenski bu amilləri əlində rəhbəri tutaraq Ermənistana səfəri planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər KTMT-dən çıxmağa hazırlaşan rəsmi İrəvanla Kreml arasında gərginliyi daha da artıracaq. Bu Ermənistana yaxşı heç nə vəd etmir".
Elxan SALAHOV