Bu fikirləri müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar səsləndirib.
2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə yekdilliklə qəbul edilən qərarla Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv seçildiyini xatırladan Şimali Kipr Prezidenti deyib: “Bu, bizim üçün tarixi bir qərar idi. Türk Dövlətləri Təşkilatı hər il inkişaf edən, iri addımlarla irəliləyən, daha da güclənən bir qurumdur. Üzv ölkələr arasında münasibətlər xüsusilə son illərdə iqtisadiyyatdan ticarətə, təhsildən turizmədək demək olar ki, bütün sahələrdə hər il daha da güclənməkdədir. Bunun başlıca səbəbi isə başda Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev olmaqla, üzv ölkələrin Türk birliyinə xüsusi əhəmiyyət vermələridir. Bütün Türk dövlətlərinin eyni çətir altında toplanması və aralarındakı əməkdaşlıq gələcəkdə bu birliyi çox daha yüksək səviyyəyə daşıyacaq. Bu çərçivədə Azərbaycanla da müxtəlif sahədə çox gözəl, səmimi münasibətlərimiz var. Şuşada keçiriləcək tədbirə dəvətə görə bir daha Prezident İlham Əliyevə təşəkkürümü və onun şəxsində Azərbaycandakı bütün qardaşlarımıza minnətdarlığımı ifadə edirəm”. (AZERTAC)