20.10.2024, 12:07
AZ EN
09.02.2024, 15:37 222

Ermənistanla sülh danışıqları Brüssellə Moskvanı yenidən toqquşdurur...

XƏBƏRLƏR

Ermənistan Azərbaycanla sülh danışıqlarının Avropa İttifaqının vasitəçiliyi ilə bərpa olunması ilə bağlı təşəbbüsləri dəstəkləyir.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib. Onun sözlərinə görə, hazırda danışıqların bərpası ilə bağlı aydınlıq olmasa da, prosesin Brüssel formatında davam etdirilməsi Ermənistanın maraqlarına uyğundur: “Ermənistan danışıqların həmin formatda bərpasının tərəfdarıdır, bölgədə sülhün bərqərar olması Ermənistan üçün prioritet məsələdir”.

Ovannisyan vurğulayıb ki, Brüssel formatının bərpası və Azərbaycan Prezidenti İlham Əliyevin buna razılıq verib-vermədiyi barədə məlumata malik deyil. Bununla belə, o, deyib ki, rəsmi Bakı sülh danışıqlarının Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilməsinə razı olacağı halda İrəvan da buna hazırdır.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel fevralın 8-də Azərbaycan Respublikasının prezident İlham Əliyevə zəng edərək çərşənbə günü keçirilən seçkilərdə parlaq qələbə qazanması münasibətilə onu təbrik edib. Yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayan Şarl Mişel Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri barədə danışarkən Ermənistanla sülh danışıqları prosesinə də toxunub. O, üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı prezident İlham Əliyevdən mövqe bildirməsini xahiş edib. İlham Əliyev isə bildirib ki, Azərbaycan həmişə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəkləyib.

Mişellə Əliyev telefon söhbəti zamanı Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan baş nazirinin aparatı arasında ikitərəfli əsasda 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanat irəliyə doğru mühüm addım kimi dəyərləndirilib.

Ermənistandakı hakim “Vətəndaş Müqaviləsi” partiyasının funksioneri, parlamentin deputatı Artur Ovannisyan Azərbaycan prezidentinin Avropa İttifaqı rəhbərinin təklifinə müsbət cavab verməsindən xəbərsiz olduğunu söyləməklə məsuliyyətdən yayınmağa çalışıb. Görünür, Ermənistan tərəfinin sülh danışıqları ilə bağlı Brüsseldə keçirilməsi təklif olunan növbəti görüşü də pozmayacağına Ovannsiyan özü də əmin deyil. Amma eyniz amanda sülh danışıqlarının Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilməsinin daha effektli ola biləcəyini də gizlətmir.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rossiya 24” telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər də diqqətdən yayınmır. Rusiyalı diplomat deyib ki, bölgəyə regiondankənar oyunçuları, ilk növbədə ABŞ və Avropa İttifaqını cəlb etmək səyləri uğur gətirməyəcək: “Qərb oyunçularının fəaliyyəti normallaşmaya kömək etmək deyil, Rusiya Federasiyasını bu prosesdən sıxışdırmaq, Cənubi Qafqazda mövcud qüvvələr balansını pozmaq və beləliklə, Rusiyanın qonşuluğunda daha bir qeyri-sabitlik mənbəyi yaratmaq məqsədi daşıyır”.
 
Qaluzin əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiya mübahisəsiz və unikal imkanlara malikdir. O, Moskvada topoqrafik materialların olduğunu söyləyərək sərhədlərin delimitasiyası çərçivəsində Bakı və İrəvana məsləhət xidmətləri təklif edib: "Rusiya Federasiyası bütün məsələlərin müzakirəsinə fəal şəkildə kömək etməkdə davam edir. Biz sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformamızı təqdim etməyə həmişə hazırıq".

Elxan SALAHOV

Oxşar xəbərlər