Bəyanatda deyilir:
"Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib.
Seçkilər ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkilərin hər üç mərhələsini - səsvermədən öncə hazırlığı, səsvermə gününü və səslərin sayılmasını - müşahidə edib. Heyət həmçinin aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumat alıb. İƏT heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edib.
Təşkilatın Baş katibi Hissein Brahim Taha prezident seçkilərinin uğurlu təşkili münasibətilə Azərbaycan xalqını təbrik edir".
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8%, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb. (Trend)