22.11.2024, 05:23
AZ EN
04.02.2024, 11:48 255

Rauf Əliyev: Dağlıq Qarabağla bağlı Minsk qrupu tərəfindən heç bir addım atılmadı

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərək bir çox mühüm məsələlərə toxunmuşdur. Cənab İlham Əliyevlə görüşü zamanı Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə təbriklərini xüsusi olaraq qeyd etmək lazımdır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu, regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi Azərbaycan dövlətinin gücündən xəbər verir.

Cənab İlham Əliyev görüş zamanı qeyd edib ki, “Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı”. Vətən müharibəsindən əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu kimi təşkilatın məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da məsələnin müharibə yolu ilə Azərbaycan tərəfindən həll edilməsini qaçılmaz etdi. Minsk qrupunun uzun illər ərzində əməli fəaliyyətsizliyinə Azərbaycan dövləti özü son qoyaraq 30 il ərzində işğal olunmuş əzəli və tarixi torpaqlarını Müzəffər ordusu tərəfindən azad etdi.

Prezident İlham Əliyev görüş zamanı vurğulayıb ki, “2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub”.

Ölkə başçısı İlham Əliyevin hər zaman çıxışlarında Azərbaycanın müharibə yox, ədalətli sülh istədiyini qeyd edib. Hər zaman Azərbaycan ədalətli sülhün tərəfdarı olub. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalanması təklif edilmişdir.

Eyni zamanda dövlət başçısı İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib.

Separatçılığı dəstəkləyən erməni siyasi partiyalarının və gizli silahlı birləşmələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bərabər Ermənistana qarşı beynəlxalq fikir formalaşdırılmalı və bu istiqamətdə adekvat addımlar atılmalıdır. Azərbaycana qarşı aparılan separatçılıq və soyqırımı siyasətinə, azərbaycanlılara qarşı vəhşilik və cinayətlərə görə Ermənistan cəzalandırılmalıdır. Ermənipərəst qüvvələr bu gündə Cənubi Qafqazda sülh prosesinə mane olmaqda maraqlıdırlar. Onların siyasəti Ermənistanı silahlandıraraq regionda yeni münaqişələrə cəlb etməkdir.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR