"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl hökumətin iclasında çıxışı zamanı deyib. Hələ bir müddət əvvəl Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayan Baş nazir Müstəqillik Bəyannaməsinin də sülhə mane olduğunu dilə gətirib: “Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var. Bizim ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiya olmalıdır ki, bu da Ermənistanı yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək”.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan dünənki iclasda Müstəqillik Bəyannaməsinin mətnindəki bəzi müddəaların sülhə mane olduğunu bir daha təkrarlayıb. O, bunun qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması prinsipinə əsaslanan Azərbaycana hökuməti tərəfindən tələb kimi qoyulduğuna işarə edib: "Prezident İlham Əliyev bildirib ki, Ermənistanın Müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Doğrudur, orada belə fikirlər var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur".
Xatırladaq ki, Ermənistanın Müstəqillik haqqında Bəyannaməsi 21 sentyabr 1990-cı ildə təsdiq edilib. 12 bənddən ibarət olan bəyannaməsi Ermənistanın sabiq prezidenti, həmin vaxt Ermənistan Respublikası Ali Sovetinin sədri olan Levon Ter-Petrosyan tərəfindən imzalanıb. Bəyannaməyə uyğun olaraq Ermənistan SSR-in adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılıb, yeni gerb və himn təsis edilib. Sənəddə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyə Respublikasının 6 vilayətinin (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) “Qərbi Ermənistan” adlandırılması, həmçinin Azərbaycanın tarixi torpaqlarının bir hissəsinin, yəni 1989-cu ildə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi əksini tapıb.
Elxan SALAHOV