22.11.2024, 09:41
AZ EN
31.01.2024, 17:51 198

Zəngəzur dəhlizi reallaşır: Qərbin nəzarəti altında

XƏBƏRLƏR
  • "Avropa Birliyinin son qərarı Zəngəzur dəhlizinin açılması üçün perspektiv vəd edir. Çünki Bakı Naxçıvana keçid məsələsini həll edib, bu, İran üzərindən olacaq. Ortadakı fərq cəmi bir neçə kilometrdən ibarətdir. Qərbin, xüsusən də ABŞ-nin istəyi odur ki, Azərbaycan İran üzərindən keçən kommunikasiyadan imtina etsin. Azərbaycan bundan imtina etmir, çünki bu, onun mövqeyini gücləndirən amildir".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Natiq Miri Avropa Birliyinin Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılması məqsədilə Orta Asiyanın strateji nəqliyyat infrastrukturu obyektlərinə 1,5 milyard avro ayrılması barədə qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan Qərbin sifarişi ilə tormozlayıcı rol oynamaqda davam etsə, Azərbaycan bu prosesi dayandıra bilər: "Azərbaycan öz problemlərini Gürcüstan üzərindən keçən dəmir yolu və digər xətlər vasitəsilə həll edir, İran üzərindən də yol çəkilir. Yəni burada blokadada qalacaq ölkə yenə Ermənistan olacaq. Əgər Qərb bu kontekstdə qərar verirsə, Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın maraqları mütləq nəzərə alınacaq. Eyni zamanda, Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının maliyyələşməsini Avropa qurumları öz üzərinə götürüb. Ermənistanın belə bir infrastrukturu inşa edəcək iqtisadi və maddi gücü yoxdur. Ona görə də Avropa Birliyinin bu qərarı Zəngəzur dəhlizi kontekstində çox ciddi hadisədir və yaxın perspektivdə bu yolun açılacağını göstərir".

Türkiyənin də Qarsdan Naxçıvana dəmir yolu çəkməyə hazırlaşdığını deyən ekspert əmindir ki, Zəngəzur dəhlizinin reallaşması istiqamətində ciddi addımlar atılır: "Artıq maliyyə ayrılıbsa və Zəngəzurla bağlı qərar veriləcəksə, bu, o deməkdir ki, xəttin Ermənistan ərasindən keçən hissəsinə nəzarət də Qərbin əlində olacaq. Bu durumda Rusiyanın edə biləcəyi bir şey qalmır. Ermənistan rəhbərliyi Rusiyaya güzəştə getmək istəmir, rəsmi İrəvan Qərbin tələbi ilə bu iddiasında israrlıdır".

Xatırladaq ki, Avropa Birliyi Azərbaycandan da keçən Orta dəhliz nəqliyyat infrastrukturunun qurulmasına 1,5 milyard avro ayıracaq. Zəngəzur dəhlizi də bu xəttin bir parçası olduğunda Avropa Birliyinin qərarı regionda geosiyasi maraqları toqquşdurur. İranın dini lideri Xameneyinin müşavirinin bir neçə gün əvvəl İrəvana səfəri də məhz bu kontekstdə qiymətləndirilir. Xameneyinin müşaviri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin gələcək perspektivini ayrıca müzakirə etməsi o deməkdir ki İran Ermənistanın dəhlizə nəzarəti Qərbə verməsindən narahatdır. O da həqiqətdir ki, Qərb və Avropa Birliyi Zəngəzur dəhlizi ilə bağlı yekun qərar veriləcəyi təqdirdə İran nə qədər hədələyici tonda çıxış etsə də, heç nə edə bilməyəcək. Çünki nə qədər sirr saxlanılsa belə, hər kəsə bəllidir ki, bu nəhəng komminakisya dəhlizinin reallaşmasının arxasında duran pulu və resursu olmayan Ermənistan deyil, İrəvanın xərclərini üzərinə götürən Qərb dünyası dayanır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR