15.01.2025, 19:07
AZ EN
30.01.2024, 11:55 294

Ermənistan mina xəritələrini Azərbaycana təhvil versə...

XƏBƏRLƏR

Ermənistan bu həftə ərazində Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. Bildirilir ki, MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritəni təqdim edəcək.

Erməni hüquqşünas Siranuş Saakyanın iddiasına görə, xəritələrin müqabilində Azərbaycanda saxlanılan müəyyən sayda erməni öz vətəninə qaytarılacaq. Lakin onun fikrincə, söhbət qanunsuz rejimin keçmiş liderlərindən yox, 2020-2023-cü illərdə hərbi əməliyyatlar zamanı ələ keçmiş silahlı ermənilərdən gedir. “Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ liderlərini saxlamağa davam edəcək və onların azadlığa buraxılması üçün daha yüksək qiymət tələb edəcək”.

Ekspertlər hesab edirlər ki, Ermənistanın minalanmış ərazilərlə bağlı 8 yeni mina xəritəsini Azərbaycana təqdim etmək niyyətinin əsasında xoş məram dayanmır. Bu səbəbdən də Azərbaycan tərəfinin mina xəritələri qarşılığında Ermənistana hansısa vədlər verməsi reallığı əks etdirmir. Çünki mina özlüyündə müharibə cinayəti sayılır və Ermənistan minalanmış ərazilərə, yəni mülki insanların həyatını təhdid edən mina terroruna şantaj üsulu kimi baxırsa, bu, beynəlxal hüquqa və 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatn öhdəliklərinə ziddir. Başqa sözlə, həm beynəlxalq hüquqa, həm də üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan mina xəritələrini şərtsiz, əvəzsiz təhvil verməlidir. Rəsmi İrəvanın bu addımından sonra Azərbaycanın hansısa xoş niyyət nümayiş etdirməsi, yaxud heç bir qarşılıq verməməsi isə Bakının suveren hüququdur.

Xatırladaq ki, 30 ilə yaxın işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir. 2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir. Bu günədək İrəvanın verdiyi mina xəritələri isə təxminən 25 faizində müəyyən uyğunluqlar olub, digər 75 faiz isə düz çıxmayııb.

Elxan SALAHOV

Oxşar xəbərlər