Bunu türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
“Ermənistanın xəritələri verməməsi həmin ərazilərdə mülki həyatın cücərməsinə maneə olmaq üçün tətbiq edilən sistematik bir strategiyadır. Çünki hansısa bir ərazidə mina varsa, orada mülki əhalinin yaşaması mümkün deyil. Bu, özündə böyük bir təhlükə ehtiva edər”, - o söyləyib.
Ekspert minatəmizləmə işinin çox çətin bir proses olduğuna diqqət çəkərək Ermənistanın xəritələri qısa müddətdə Azərbaycana verməli olduğunu vurğulayıb:
“Hər şeydən əvvəl Ermənistanın əlində olan xəritələrin nə qədər mina sahəsini əhatə etdiyini öyrənmək lazımdır. Bu, önəmli bir detaldır. Ancaq bu detalla bərabər Ermənistan törətdiyi mina terroru və onun xəritələri gizlətməsi əməli hansısa bir formada beynəlxalq arenaya çıxarılıb sübut edilməlidir. Çünki bu, bir insanlıq və müharibə cinayətidir. Bu aspektdən baxdıqda təzminat tələb olunması da önəmli bir məsələdir”.
A.Ağarın fikrincə, İrəvanın törətdiyi bu cinayətin üstünə getmək, onu faktlarla Ermənistana dəstək olan ölkələrə göstərmək lazımdır:
“Çünki ortada haqsız bir işğal olub. Ona görə də həm Ermənistanın, həm də onu dəstəkləyən ölkələrin burada bir cinayət görüntüsü var və bu məsələnin beynəlxalq hüququn mövzusu olduğunu düşünürəm”.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib. Nəticədə 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 342 nəfər minaya düşüb. Onlardan 65-i həlak olub. (Report)