22.11.2024, 18:51
AZ EN
23.01.2024, 13:42 250

Siyasi şərhçi: Bədnam siyasətçilər Azərbaycanın haqq səsini susdurmağı heç zaman bacarmayacaqlar

XƏBƏRLƏR
  • Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın haqq səsini susdurmaq təşəbbüsü ölkəmizə qarşı düşmənçilik və qisas hissinin növbəti təzahürüdür.

Bunu siyasi şərhçi Sahil Kərimli söyləyib.

O deyib ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən və Cənubi Qafqazda yeni reallıqlar yaratdıqdan sonra bu qərəzli cəhdlər daha aktiv fazaya keçib.

“Bu bir reallıqdır ki, Azərbaycan torpaqları 30 ilə yaxın işğal dövründə talanarkən, bir milyona yaxın məcburi köçkünün hüquqları tapdalanarkən AŞPA heç bir əməli addım atmayıb. Halbuki Azərbaycan AŞPA-ya tapdanmış hüquqlarının bərpası, beynəlxalq hüququn təmin edilməsi məqsədilə üzv olmuşdu. Amma AŞPA bu illər ərzində ölkəmizə heç bir kömək göstərmədi, erməni işğalının aradan qaldırılması, yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmaq hüququnun təmin edilməsi istiqamətində konkret addımlar atılmadı”, - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi şərhçi vurğulayıb ki, AŞPA və digər ona bənzər beynəlxalq qurumların görməli olduğu işi Azərbaycan dövləti öz gücü və qüdrəti hesabına reallaşdırıb. Təəssüf ki, işğalçı Ermənistan bu gün də müdafiə olunur, suverenliyini bərpa edən Azərbaycana qarşı cəfəng iddialar irəli sürülür. Bu siyasət ikili standartların, qərəzli və riyakar yanaşmanın ən bariz nümunəsidir. Şübhəsiz ki, AŞPA-da Azərbaycan əleyhinə səsləndirilən fikirlər açıq-aşkar qisas cəhdidir.

“Həmin qüvvələr əmin ola bilərlər ki, həmişəki kimi, bu dəfə də heç nə əldə edə bilməyəcəklər. Azərbaycan dövləti milli və müstəqil maraqlara əsaslanan qətiyyətli, eyni zamanda, tam ədalətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Əgər proseslər bir qədər də gərgin müstəviyə keçərsə, Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırmaq barədə düşünə bilər. Ümumiyyətlə, dünyada nüfuzunu durmadan itirən riyakar bir quruma üzvlük böyük sual altındadır. Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırarsa, itirən yalnız bu qurumun özü olacaq. Bir vacib məqam da budur ki, Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. AŞPA-da və ya Avropanın digər siyasi dairələrində oturub Azərbaycana qarşı düşmənçilik edənlər anlamalıdırlar ki, belə davam edəcəkləri təqdirdə, bölgəmizdəki tərəfdaşlarını itirəcəklər.

AŞPA təmsilçiləri Azərbaycanın səsini dondurmaq təklifi edə bilərlər, amma bu bədnam siyasətçilər Azərbaycanın haqq səsini susdurmağı heç zaman bacarmayacaqlar”, - deyə Sahil Kərimli fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər