Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
Bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb.
Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar” üçün görüşə icazə verməməsi göstərilib.
Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.
Almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır.
Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.
Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın, o cümlədən Avropa Şurasının və AŞPA-nın ürəyincə olmayıb. Hesab edirlər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır.
Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir.
Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb.
AŞPA bu illər ərzində üzvü olan bir ölkənin - Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib.
Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur.
AŞPA-nın qəbul edəcəyi qərardan asılı olaraq adekvat addım atılmalıdır. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur.
Bundan başqa, Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa İttifaqı və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib.
Avropa Şurasının müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır.
Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüfi deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək. (Trend)