22.12.2024, 21:22
AZ EN
22.01.2024, 13:54 272

Şahramanyan yeni "qərar" imzalayıb

XƏBƏRLƏR

Ermənistan Baş naziri Nikol Paşinyan müharibədən sonra ölkəsinə qaçan separatçıların komanda şəklində toparlanmasını istəmir. Bununla belə, revanşist əhval-ruhiyyəli separatçılar ən müxtəlif yollarla öz mövcudluğunu qoruyub saxlamağa çalışır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Lurer” saytı öz mənbələrinə istinadən yazır ki, ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı özünü buraxdığını elan edən separatçı qurumun sonuncu "lideri" Samvel Şahramanyan bir neçə gün əvvəl yeni bir "qərar" imzalayıb. Belə ki, Azərbaycan ərazilərini biabırçı vəziyyətdə tərk etdikdən sonra İrəvanda fəaliyyətini davam etdirən qondarma qurumun “keçmiş şəhərsalma naziri” Aram Sərkisyan “dövlət naziri” təyin edib. Bundan əvvəl bu “vəzifə"ni separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın əmisi oğlu Artur Arutyunyan tutub.

Məqalədə bildirilir ki, Artur Arutyunyan qondarma qurumun oyuncaq parlamentinin “Vahid Vətən” fraksiyasını təmsil edib. Amma onun separatçılarla arasında Qarabağla əlaqəli iddialar üzrə beynəlxalq komitənin qurulması mövzusunda fikir ayrılıqları yaranıb. Buna görə də Arutyunyan Ermənistan hakimiyyətinin göstərişi ilə qondarma komitədə iştirakdan imtina edib.

Bundan başqa, separatçı rejimin “deputat”ı Qaqik Baquntsun da həmin komitədə iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, separatçı rejimin Azərbaycan ərazisindəki varlığına ötən il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra son qoyulub. O zaman “rejim”in başında dayanan Şahramanyan bundan sonra qondarma qurumun buraxılması ilə bağlı “fərman” imzalayıb. Beləliklə, separatçı ünsürlər ərazimizi tərk ediblər. Həmin “qərar”da separatçıların fəaliyyətinin yanvarın 1-dən dayandırılması nəzərdə tutulsa da, Şahramanyan ötən ilin sonlarında “fərman”ını geri götürüb və fəaliyyətlərini Ermənistanda davam etdirmək qərarına gəlib. Amma özü bununla bağlı açıqlama verməyib, məlumatı onun “informasiya mərkəzi” yayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər