22.11.2024, 10:20
AZ EN
19.01.2024, 21:45 225

“Kəndimizin qadın sovet sədri rayona iclasa gedəndə ermənilər maşınını gülləbaran etmişdilər” - Qərbi Azərbaycan Xronikası

XƏBƏRLƏR
  • Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Qarabağda olduğu kimi, Göyçəyə də insanlar qayıdıb oranı cənnətə döndərəcəklər” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qayabaşı kənd sakini Murad Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini, yaylaqlarda, dağlarda və bulaq başında keçirdiyi günləri xatırladıb, iki dağın arasında yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb: “Ömrümün dörddə biri Qayabaşı kəndində keçib. O xatirələri yad edəndə təəssüf edirəm ki, kaş daha çox yaşayaydım. Uşaqlıq illərində yaşadığım xatirələr bu günə qədər yaşadığım xatirələrin içində daha yaddaqalan, daha möhtəşəm, daha təsirlidir, doğmadır. Novruz bayramında keçirdiyimiz o gözəl günləri kəkrar doyunca yaşamaq üçün çox böyük məmnuniyyətlə yenidən kəndimizə qayıtmaq istəyərdim”.

M.Məmmədov 1988-ci ilin iyul ayında kənddə çobanlara verilən ov tüfənglərini ermənilər tərəfindən təzələmək adı ilə yığıldığını deyib: “Sən demə, burada bir məkr, niyyət var imiş. Bu silahlar yığılandan sonra ermənilər kəndə rayondan gələn azuqəni kəsdilər. Kənddən alış-veriş üçün gedənlərin rayonda maşınlarını daş-qalaq etməyə, silahla gülləbaran etməyə başladılar. Hətta insanlara fiziki zor tətbiq etmişdilər, başını yaralamışdılar. Rayondan kəndlərimizə bir müddət atəşlər açmağa başladılar. Cavanlar növbə ilə kəndi qoruyurdular. Qonşu kəndlərlə birgə sakinlər etiraz bildirmək üçün rayona gedirdilər. Onları yalandan sakitləşdirib geri qaytarmışdılar ki, narahat olmayın, heç bir qorxu, problem, sıxıntı yoxdur. Nəhayət, 1988-ci ilin noyabrında köç başladı. Biz də ailəvi köç edib Kəlbəcərə gəldik, üç gecə orada qaldıq, sonra isə Yevlağa bacımgildə məskunlaşdıq”.

Onun sözlərinə görə, Göyçə təəssüratlarını heç zaman unutmaq olmur və Göyçəyə qayıdış mütləq baş tutacaq: “Ora qayıdış təkcə oranın gözəlliyi ilə bağlı deyil. Bizim ora mənən, ruhən bağlılığımızla bağlıdır. Bizim orada böyüklərimizin, ulularımızın ruhları gəzir, dolaşır, qəbirlərimiz var. Oralar bizim əzəli və əbədi torpaqlarımız olub. Bu gün oralar Qarabağdakı kimi xarabalıqdı. Bizim kəndlərdə heç bir məskunlaşma, yaşayış yoxdur, evlər dağıdılıb. Çox böyük həsrətindəyəm ki, qayıdam bu yaşımı və bundan sonrakı yaşımın xatirələrini, boş qalmış dəftərləri orada dolduram. İnşallah, mənə elə gəlir ki, bu gün yaxındadır. Qarabağımızın fəth olunması, işğaldan azad olunması bütün Qərbi azərbaycanlılarda bir daha geriqayıdış ruhunu, inamını, inancını yüksəltdi. Əminəm ki, o torpaqlara qayıdacağıq, bizi gözləyən o ruhlara qovuşacağıq və itirilmiş torpaqlarımıza sahib çıxacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR