1990-cı illərin sonlarında insanlar daha çox metafizik şeirlər yazır, nəsrlə məşğul olana nadir hallarda rast gəlinirdi. Qəribə bir romantika vardı. Hamıda. Həm tarixi, həm faciəvi hadisələr yaşamışdıq, amma insanlar yenə də havalarda uçurdular. Ədəbiyyatda heç kimin ayağı yerə dəymirdi. Görünür, bu da bir gerçəklik idi və cəmiyyətin yazan əlləri reallıqdan qaçaraq həm də ona müqavimət göstərirdi.
Lakin haracan?
Reallığı işini mükəmməl yerinə yetirən polisə bənzətmək olar. Ondan qaçış yoxdur. Gec-tez üz-üzə gəlməli, iradəsinə tabe olmalısan.
Ayağı yerə dəyməyən, Füzuli ənənələrinə xas, lakin daha çox Salam Sarvan və Ramiz Rövşən havasında yazılmış bu şeirlərin üslubu kimi mövzusu da mücərrəd idi. Qarşında ölümdən, ayrılıqdan şikayətlənən, hər misrada qan-yaş tökən ümidsiz bir “lirik mən” vardı, lakin nə qədər diqqətlə oxusan da, onun dərdinin nə olduğunu bilmirdin. Konkret fakta və detala rast gəlmək mümkün deyildi. Çox zaman işin içində sənətkarlıq da olmurdu və oxuduqca ürəyində boşluq, beynində suallar yaranırdı.
Biz 20 Yanvar görmüşdük, Meydan hərəkatı görmüşdük, SSRİ boyda nəhəng ölkə dağılmışdı, Cənubi Azərbaycanla sərhədlər açılmışdı, Xocalı hadisəsi baş vermişdi, Şuşa, Laçın, dalınca altı rayon işğal olunmuşdu, 1 milyona yaxın soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdi, inflyasiya, bahalıq, qıtlıq xalqı əldən salmışdı. Bəlkə də bu qədər ağır sınaqların içində “məcazi danışmaq” lazım idi. Axı hələ bu sınaqdan çıxa bilməmişdik. Hələ aqibətimiz bəlli deyildi. Odur ki, qaçqınlığa və məcburi köçkünlüyə aid yazılan şeirlərin də içərisində yeni fakta, yeni detala çox nadir hallarda rast gəlinirdi.
O zamanlar “Vahid” poeziya evində keçirilən poeziya məclislərinin birində əslən Qarabağdan olan bir xanım şair yeni şeirini oxudu. O, ayağa qalxıb dedi ki, bu günlərdə İncəsənət Muzeyində qaçqın və məcburi köçkün uşaqların əl işlərindən ibarət rəsm sərgisində iştirak edib, uşaqların daha çox ev şəkli çəkdiyini görüb və bu reallıqdan təsirlənərək şeir yazıb. Xanım bu qədər təsirli və real həyat faktına qarşı dövrün xarakterinə uyğun mücərrəd misralar yazmış, nəticədə epiqrafından qat-qat zəif və sönük bir şeir əmələ gəlmişdi.
Lakin, təbii ki, istisnalar vardı. Misal kimi Azər Abdullanın “Qəmərlidən keçən qatar” povestini göstərə bilərik. Hadisələr İrəvandan Bakıya gələn sərnişin qatarında baş verir və Ermənistandan öz ailəsi ilə çıxmaq məcburiyyətində qalan bir azərbaycanlı kişiyə qarşı ermənilərin göstərdiyi antiinsani münasibətdən gedir. Münaqişənin ilkin illəridir. Hələ ölüm, qan yoxdur, lakin dəhşətli hadisələrin anonsu var. Bundan da dəhşətlisi, bir insana, bir ailəyə sırf milli mənsubiyyətinə görə zülm eləməyin absurdluğu diqqətə çatdırılır. Həm də real, inandırıcı, zamanın əhvalını ifadə edəcək şəkildə.
Əslində, ilk yaxşı nümunələrin Qərbi Azərbaycan mövzusunda yaranması da bir gerçəklikdir. Hadisələr ilk buradan başladı və insanlar öz ata-baba torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Həmin vaxt şair Aydın Uluxanlının maraqlı bir şeirini oxumuşdum. Mənası belə idi ki, axşama doğru insanlar öz kəndlərini tərk edirlər, işıq şalbanlarının kölgəsi öz yurdundan köçən insanların arxasınca uzanır... Şeirdə bir neçə tərəfdən amansız reallıq vardır. Əvvəla, günəş doğrudan da Qərbdə batır və bu zaman kölgələr Şərqə doğru uzanır. İnsanlar da Qərbi Azərbaycandan Şərqi Azərbaycana köçürdülər. İşıq da, şalban da təbiətlə insanın ortaq dəyəridir. Üstəlik, işığın müsbət mənası var. İşıq şalbanı həmişə sadiq olduğu insanlarla birlikdə getmək istəyir, lakin şalbanlar gedə bilməz axı. O, öz həsrətini kölgəsinin uzanması ilə ifadə edir və kölgənin uzanması təkcə işıq şalbanının yox, bütöv kəndin, təbiətin, hətta səmanın və günəşin həsrətinə çevrilir. Əslində, yenə də Füzuliyanə metafora ilə üz-üzəyik. Lakin o, elə çağdaş mövzuda, çağdaş detallarla və çağdaş üslubda təqdim edilir ki, anındaca ciddi ədəbiyyat faktına çevrilir.
Bəzən düşünürlər ki, şairin-yazıçının dərdi-ağrısı onun yazmasına kömək edir. Belə deyildir. Biz bataqlıq haqqında danışmaq üçün mütləq bataqlıqdan çıxmalıyıq. Ən azı quru bir yer tapıb bir balaca nəfəsimizi dərməliyik.
Bəli, 90-cı illər Azərbaycan yazarına tükənməz mövzular verdi, bəs o mövzuları dünya səviyyəli əsərə çevirəcək fürsəti verdimi?
Diqqət edin, 90-cı illər hadisələri haqda ən yaxşı əsərlər atəşkəsdən və iqtisadi böhrandan çox sonra, Azərbaycanda senzuranın ləğvinin və iqtisadi vəziyyətin sabitləşməsinin ardınca yazıldı.
Atəşkəsdən sonranı, xüsusən 2000-ci illərin əvvəllərini bataqlıqdan çıxıb quru bir yerdə nəfəs dərməyə bənzətmək olar. Azərbaycanın çörək növbələrindən, inflyasiyadan və çadır şəhərciyindən qurtulduğu dövrü isə artıq nəfəsini dərən insanın bataqlıqdan aralanıb öz arzularının ardınca yola çıxmasına bənzətmək olar.
Vətən müharibəsində qazandığımız qələbə isə böyük arzularımıza qovuşma məqamıdır.
Bu, həm də ədəbiyyatda yeni mərhələdən xəbər verir.
İctimai-siyasi hadisələrin ədəbiyyatda inikası ilə bağlı daha bir yarımçıq qənaət vardır. Bu, qələbə ilə bağlı əsərlərin yazılması ilə əlaqəlidir. Məsələ məğlub ikən bədbin yazırdıq, qələbədən sonra nikbin yazacağıq qədər sadə deyil. Daha doğrusu, bu cür düşünmək qələbənin ədəbiyyata təsir imkanlarını məhdudlaşdırır. Halbuki, qələbə mövzu olmaqdan öncə taledir və yazıçını bir insan kimi, bir vətəndaş kimi məğlubiyyət kompleksindən xilas edir, onun mənəvi dünyasını bütövləşdirir, predmet və hadisələrə, o cümlədən müharibəyə daha aydın, daha soyuqqanlı baxmaq imkanı verir.
Qələbə həm də qalıcı sülh, əmin-amanlıq deməkdir. Bu da hər bir ciddi yazıçının arzuladığı nemət, eyni zamanda onun yazıb-yaratması üçün münbit şəraitdir.
Bir coğrafiyada müharibə gedirsə, orada ən çox mənəvi əziyyət çəkən sahə ədəbiyyatdır. Biz bunu təkcə öz yazarlarımızın əsərlərində deyil, dünya şedevrlərində də asanlıqla müşahidə edə bilərik. Ədəbiyyat həmişə əzilən, zülmə və istibdada məruz qalan insanın yanındadır. Müharibə isə günahsız insanların fəlakətidir.
Azərbaycanın Qarabağ qələbəsi müharibəyə son verdi. Bununla da cəmiyyətin bütün sahələri kimi ədəbiyyatın qarşısında da sonsuz üfüqlər açdı. Biz müharibəyə aid olmayan mövzularda da qalib duyğularla yazacağıq və ruh yüksəkliyi əsərin sənətkarlıq xüsusiyyətlərinə sirayət edib onu yüksək dəyərlərə daşıyacaq.
Şərif Ağayar