Bu fikirləri sabiq fransalı parlamentari Jan-Lük Reytzer (Jean-Luc Reitzer) Evian şəhərində tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin vandalizm aktına məruz qalması ilə bağlı sualına cavab olaraq söyləyib.
Sabiq deputat bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Qarabağdakı separatçılara qarşı Azərbaycanın mübarizəsinə, eləcə də bu ölkənin öz suverenliyini və bütövlüyünü bərpa etməsinə haqq qazandırılıb. Bu separatçı qrupun qondarma “respublikası” dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən də tanınmamışdı. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Məhz buna görə də Azərbaycan hakimiyyətinin bu mövzu ilə bağlı mövqeyi ədalətli və haqlıdır.
“Ancaq təəssüf ki, bu reallıqların fransız mediasında tamamilə təhrif edilməsi bu gün Fransada anti-Azərbaycan reaksiyanın yaranmasına gətirib çıxarıb.
Evianda Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı Azərbaycanın zəngin mədəniyyətinə, eləcə də mədəni irsə qarşı yönəlib. Bu vandalizm aktı cəzasız qalmamalıdır”, - deyə fransalı siyasətçi vurğulayıb. (AZERTAC)