Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də parlamentin iclasından sonra ali qanunvericilik orqanının fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin bu barədə verdiyi məlumata görə, parlamentin sədri jurnalistləri Novruz Bayramı münasibəti ilə təbrik edərək, onlara gələçək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Parlament-media münasibətləri barədə fikirlərini bölüşən Sahibə Qafarova ölkəmizin son illər Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurlarından, Vətən müharibəsindəki Zəfərindən, parlamentdə gələcəkdə görüləcək işlərdən, ölkə rəhbərliyi tərəfindən mediaya göstərilən diqqətdən danışıb.
Görüşdə çıxış edən, parlamentdə akkreditə olunmuş jurnalistlər Milli Məclisin sədrini Novruz Bayramı münasibəti ilə təbrik edərək, pandemiya dövründə onların fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkür ediblər. Ali qanunvericilik orqanın fəaliyyətini, ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndiriblər, parlamentin işinin işıqlandırılması barədə fikirlərini bölüşüblər. Milli Məclisin sədrinə, deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələri ilə birlikdə xatirə fotosu çəkdirib.