16.09.2024, 23:05
AZ EN
11.01.2024, 10:54 177

Ermənistan Zəngəzur dəhlizini arxa plana ata bilməyəcək

XƏBƏRLƏR

Prezident İlham Əliyev yerli televiziyalara dünənki müsahibəsində Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılacağı ilə bağlı son nöqtəni qoydu. Bu, “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir".

"Vətən səsi" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Xatırladaq ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan öhdəliklərə zidd olaraq, dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsini qarşı çıxır. Qərb də İrəvanın mövqeyini müdafiə edir.

Asif Nərimanlı hesab edir ki, Zəngəzur dəhlizi üzərindən geosiyasi mübarizənin baş verməsi həm regional kommunikasiyaların açılmasını, həm də Ermənistanla sülh məsələsini arxa plana atırdı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycandan Azərbaycana prinsipi” Zəngəzur dəhlizi ətrafında qarşıdurma tərəflərinin hamısı üçün yeganə çıxış yoludur.

Politoloq bu prinsipin 5 əsas şərtini bu cür izah edir:
1. Qərbin istədiyi kimi, Naxçıvana gedən marşruta Rusiya nəzarət etməyəcək;
2.. Ermənistan bu marşrut üzrə Çindən Avropaya daşınacaq yüklərə gömrük rüsumu tətbiq edə biləcək və öz ərazisində “dəhliz” açmayacaq, yalnız Azərbaycandan Naxçıvana daşımalara güzəşt tətbiq edəcək;
3. Azərbaycan Naxçıvana istədiyi “maneəsiz keçidi” əldə edəcək, eyni zamanda, Zəngəzur dəhlizi ətrafında geosiyasi qarşıdurmanın bölgəyə problemlər gətirməsinin qarşısı alınacaq və regional kommunikasiyalar açılacaq;
4. Rusiya 10 noyabr razılaşmasına uyğun Naxçıvana “maneəsiz keçid”ə nəzarət edə bilməsə də, regional kommunikasiyaların açılmasından qazana bilər. Bununla həm də Ermənistana quru əlaqəsində Gürcüstan marşrutuna alternativ əldə edəcək;
5. İranın Zəngəzur dəhlizi ilə bağlı “Cənubi Qafqaza çıxış imkanının itirilməsinə” dair illüziyaları aradan qalxacaq və kommunikasiyaların açılması ilə genişlənən regional bazardan iqtisadi qazanc əldə edə biləcək.

"Bakı çıxış yolu təklif edir, İrəvan isə qəbul etmək niyyətində deyil. Mirzoyanın son açıqlamaları da bu yöndədir. Hərçənd, Əliyevin dediyi kimi bu baş verməsə, itirən Ermənistan olacaq. Çünki Ermənistanla kommunikasiya açılmasa belə, Azərbaycanın Avropa bazarına və əksinə çıxış imkanları var, eləcə də Naxçıvana İran marşrutu üzrə çıxa biləcək. Hətta İran marşrutunun baş tutmayacağı fors-major situasiya yaranacağı təqdirdə belə, Naxçıvanla əlaqənin ənənəvi qaydada davam etmək imkanları qalır. Əliyevin təklifi əslində təkcə Azərbaycanın maraqlarının təmin edilməsi yox, həm də Ermənistan üçün dalandan "çıxış bileti"dir",- deyə, Asif Nərimanlı əlavə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər