Paşinyan hökuməti 44 günlük Vətən müharibəsi zamanı Ermənistana açıq dəstək vermədiyinə görə Rusiyadan inciyib. Rəsmi İrəvan bu incikliyini müxtəlif formalarda Moskvaya çatdıra bilib.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. O, jurnalistlərin "Hökumət nümayəndələri öz narazılığını KTMT-nin tədbirlərinə getməməklə, görüşlərdən imtina etməklə göstərir. Niyə bunları açıq şəkildə bəyan etməkdən çəkimirsiniz" sualına Simonyan əsəbi cavab verib: “İndi siz istəyirsiniz ki, Ermənistan parlameninin sədri birbaşa Rusiya Federasiyasını ittiham etsin. Təbii ki, bu, olmayacaq, mən belə bir açıqlama verməyəcəyəm”.
Parlament sədri 44 günlük müharibəyə qədər Ermənistanın Rusiya ilə münasibətlərinin çox yaxşı olduğunu, əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini xatırladıb və bildirib ki, münasibətlər yalnız rəsmi Moskvanın müharibə zamanı və ondan sonrakı dövrdə sərhilədiyi mövqeyə görə pozulub. O, xüsusilə bu ilin sentyabrında Qarabağda separatçılara qarşı keçirilən antiterror tədbirlərindən sonra Ermənistan hakimiyyətinin Rusiyadan incidiyini gizlətməyib: “Yadınızdadırmı, Dağlıq Qarabağ erməniləri necə Z hərfini yazır, Putinin şəklini açır və “Sağ ol, Rusiya” deyirdilər. Amma hər şey bir dəqiqə ərzində dəyişdi və biz gördük ki, ruslar öz fəaliyyətsizliyi ilə ermənilərin oradan çıxarılmasına necə icazə verdilər, onları müşayiət etdilər. İndi qoy insanlar nəticə çıxarsınlar, mən hesab edirəm ki, indi birbaşa açıqlamalar verməyim lazım deyil”.
Alen Simonyan jurnalistlərin mümkün erkən parlament seçkiləri ilə bağlı şayiələrə münasibət bildirməsini də xahiş ediblər. Lakin parlamentin sədri suala cavab istəyən jurnalistə qəzəblənib: “Bu, axmaqlıq və yalandır. Nə demək istəyirsən, hər “Facebook” şayiəsindən sonra bura gəlib Milli Məclis sədrinə belə sual verməlisən? Niyə fövqəladə seçki olmalıdır? Biz partiya qurmuşuü, müzakirələr aparırıq. Hər keçirdiyimiz toplantıya özgə rəng verilməlidir?”.
Alen Simonyan bildirib ki, Ermənistanda hazırkı müxalifət çox zəifdir və hakimiyyətin qorxacaq bir şeyi yoxdur: "Biz ildə bir dəfə seçki keçirməyə hazırıq. Müxalifət isə ümumiyyətlə seçkilərə getməyə hazır deyil. Onlar hətta bələdiyyə seçkilərində də iştirak edə bilmirlər".
Parlamentin sədri erməni ictimaiyyətini əmin edib ki, gündəmdə növbədənkənar seçkilər yoxdur və bundan söhbət gedə bilməz: "Müxalifət hansısa gündəm qurur, sonra o gündəm ətrafında danışmağa başlayır. Amma bura uşaq bağçası deyil. Demokratik hakimiyyətə heç kim nəyisə zorlaya bilməz. Ruslar Robert Köçəryanı, Serj Sarkisyanı məcbur edə bilərdi, çünki onların hakimiyyətini siyasi cəhətdən Rusiyadan asılı idi. Bizi isə heç kim heç nəyə məcbur edə bilməz. Çünki heç kimin bizə təsir rıçaqları yoxdur".
Elxan SALAHOV