20.04.2025, 10:12
AZ EN
22.12.2023, 17:03 256

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi: “Qarabağda bərpa olunacaq kitabxanalara töhfələrimiz var”

XƏBƏRLƏR
  • Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı Qarabağda bərpa olunacaq kitabxanalara təşkilatın töhfələri olduğunu bildirib.

O, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq etdiyini deyib. Nümayəndə Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə əlaqədar keçirilən sərgi və paneldən sonra deyib ki, bu illər ərzində çox sayda türk dünyası ziyalıları, yazıçıları və şairlərinin kitablarının təqdimatı keçirilib:

“Azərbaycan Milli Kitabxanasında, eləcə də, TÜRKSOY-un Ankaradakı ofisində təqdimat mərasimləri keçirilib. Bu illər ərzində kitabxana ilə çox sıx əməkdaşlıq etdik. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da bu işləri aktiv şəkildə icra edir. Bundan başqa Azərbaycan Mədəniyyət Nazirliyinin düzənlədiyi beynəlxalq kitab sərgilərinə də TÜRKSOY olaraq qatılırıq".

Bildirib ki, bu il TÜRKSOY-un qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə üzv ölkələrdə tədbirlər keçiriləcək: "Qarabağ və Şuşa ilə bağlı yayınladığımız kitabların bir qismini Azərbaycan Milli Kitabxanasına hədiyyə etdik. Çünki Qarabağda qurulacaq kitabxanalar üçün kitab fondu yaradılır. Bu kitabxanalara TÜRKSOY-un da töhfələri olması üçün biz türk dünyası ilə bağlı nəşrlərimizi fonda təqdim etdik”.

E.Qafarlı vurğulayıb ki, TÜRKSOY Türkiyənin istiqlal marşının müəllifi Mehmet Akif Ersoyun 150 illiyi ilə əlaqədar, şairin seçmə şerlərini ilk dəfə Azərbaycan türkcəsində nəşr edib və kitab azərbaycanlı oxuculara təqdim olunub.

Nümayəndə Türkiyə Milli Kitabxanasında Azərbaycan Milli Kitabxanasının nəfis tərtibatlı kitablarının sərgisinin olduğunu da xatırladaraq qeyd edib ki, bu kitablar Türkiyə tərəfinə hədiyyə olunub.

Qeyd edək ki, bu gün TÜRKSOY-da keçirilən tədbirdə kitab sərgisi, Azərbaycan Milli Kitabxanasının fəaliyyəti ilə bağlı filmin nümayişi və panel keçirilib. (Report)

Oxşar xəbərlər