23.12.2024, 06:13
AZ EN
22.12.2023, 10:07 296

Tural Gəncəliyev: Neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan sui-istifadə edir

XƏBƏRLƏR
  • "Bu gün Afrika ölkələrində neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan da sui-istifadə edir".

Bunu deputat Tural Gəncəliyev Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu və QH Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" adlı tədbirdə deyib.

O bildirib ki, bunun ağır nəticələrini biz də yaşamışıq.

"Biz torpaqlarımızı azad etsək də, görürük ki, Fransa müxtəlif yollarla yenə bölgəyə nüfuz etməyə çalışır".

Deputat qeyd edib ki, müstəmləkəçilər nəzarətdə saxladıqları ölkələrin sərvətlərini yağmalamaqla məşğuldursa, Fransa bir addım da irəli gedərək həmin ərazilərdə nüvə sınaqlarını həyata keçirməyə başladı.

"Neokolonializm bizim müasir beynəlxalq münasibətlərimizi formalaşdırır. I Dünya müharibəsindən sonra qaliblər keçmiş koloniyalara nəzarəti öz üzərinə götürdülər. Onlar iqtisadi inkişaf olmaması səbəbindən koloniya siyasəti altında yaşayan xalqları idarə etməyin daha doğru olduğunu hesab edirdilər . Bunun üçün Millətlər Liqası da yaradılmışdı. Amma biz gördük ki, bu sistem düzgün işləmədi, Yaponiya Çinə hücum etdi, həmçinin digər münaqişələr də baş verdi. Nəhayət II Dünya müharibəsindən sonra koloniyalaşmadan azad edilən xalqlara dəstək göstərmək missiyası götürüldü. BMT dekolonizasiya təşəbbüsünü bütün dünyada təbliğ etdi. Lakin koloniya ərazilərinə nəzarət edən ölkələr buraları əllərində saxlamaq, onların sərvətlərini talamaq niyyətlərindən əl çəkmək istəmirdilər. Neokolonist siyasət də bu şəkildə formalaşdı. Hazırda da bu siyasət davam etməkdədir. Hesab edirdik ki, II Dünya müharibəsi kolonist siyasəti başa çatdıracaq. Təəssüf ki, bu, baş vermədi. Biz özümüz də dünyanın ən böyük müstəmləkəçilərindən olan Sovet İmperiyasının tərkibində 70 il qalmışıq", - o deyib.

Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov isə bildirib ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə keçmişdə buna məruz qalmış ölkələrə dəstək vermək vəzifəsini üzərinə götürüb.

"Koloniyalaşma qeyri-bərabərlik, ədalətsizlik yaradır. Bu gün koloniyalaşmanı yaradan ölkələrdən biri də Fransadır. Bundan öncə də bu istiqamətdə Bakıda bir sıra tədbirlər keçirilib və koloniyalaşmadan əziyyət çəkən ölkələrin nümayəndələrinin fikirləri dinlənilib". (APA)

Oxşar xəbərlər