22.11.2024, 23:00
AZ EN
21.12.2023, 15:12 249

Vaşinqton və Brüssel Ermənistana təhlükəsizlik təminatı vermir

XƏBƏRLƏR

ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı verməsi mümkün deyil.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistan bütün səylərinə baxmayaraq, KTMT-dən çıxa bilməyəcək: “Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər rəsmilər KTMT-ni sərt tənqid edirlər. Son zamanlar Ermənistan rəsmiləri KTMT-nin toplantılarına qatılmırlar. Amma onlar nə qədər “KTMT-nin Ermənistana heç bir faydası yoxdur” desələr də, birdəfəlik yolları ayırmaqdan açıq-aşkar ehtiyat edirlər. Çünki Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib".

Politoloq hesab edir ki, Vaşinqton və Brüsselin İrəvana belə bir təminat verməsi heç mümkün də deyil. Onun sözlərinə görə, Ermənistan NATO-nun da üzvü ola bilməyəcək: "Qərbdə NATO-dan başqa təhlükəsizlik qurumu yoxdur, bu struktur isə yalnız öz üzvlərini qorumaqda mükəlləfdir. Ermənistan NATO üzvü deyil. Buna görə də erməni rəsmiləri hələ bir müddət də KTMT-yə daş atmaqla məşğul olacaqlar, ancaq ardını gətirməyəcəklər".

Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin ötən həftə keçirdiyi illik mətbuat konfransında Ermənistan hökumətinə xəbərdarlıq mesajı ünvanladığını söyləyib: "Kreml sahibi həmin mətbuat konfransında Paşinyana “Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməyəcək” sümləsi ilə hədələyib. Yəni, Putin Paşinyana demək istəyib ki, sənin bütün şıltaqlıqlarına dözdük, ancaq “qırmızı xətlər”imizi keçməməlisən".

Xatırladaq ki, KTMT-nin baş katibi bu gün Ermənistana səfər edib. O, İrəvanda səfəri bir sıra mühüm məsələləri müzakirə edəcək. Baş katibin Paşinyanla görüşü də gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər