19.10.2024, 13:34
AZ EN
20.12.2023, 20:34 221

ABŞ-ın azərbaycanlı icmasının iki ölkənin münasibətlərində roluna dair konfrans keçirilib

XƏBƏRLƏR
  • Vaşinqtonda ABŞ-ın azərbaycanlı icmasının ABŞ-Azərbaycan münasibətlərində roluna dair konfrans keçirilib.ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçirilmiş konfransda Paytaxt Vaşinqton, Merilənd, Virciniya, Nyu-York, Şimali Koralina, Ohayo, İllinoy, Texas və Yuta ştatlarının azərbaycanlı icma nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə başlayan ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbirin əsas məqsədinin ABŞ-da yaşayan və müəyyən mövqe tutmuş azərbaycanlıların bir araya gələrək ikitərəfli münasibətlərə verdikləri töhfələr barədə danışmaq və ikitərəfli münasibətlərin ticarət, biznes, təhsil, mədəni və sosial sahələrində daha da irəliləməsi üçün təklifləri müzakirə etmək olduğunu bildirib.

Daha sonra palatanın direktorlar şurasının üzvü həkim Şapur Ənsari söz alaraq, ikitərəfli ticarət, mədəni və təhsil münasibətlərinin inkişafında USACC-nin rolu barədə məlumat verib.

Ticarət və biznes münasibətlərinə həsr olunmuş birinci panel müzakirələrdə peşəkar daşınmaz əmlak mütəxəssisi Lalə Rəhimova, beynəlxalq ticarət və biznes üzrə peşəkar məsləhətçi, “WCC International” şirkətinin rəhbəri Elşən Baloğlanov, “dingo.io” platformasının və “Rabalon USA” şirkətinin həmtəsisçisi Mahir İskəndər və İllinoys ştatının “Western & Southern Financial Group” şirkətinin insan resursları üzrə əməkdaşı Emin Səfərov iştirak edib.

Natiq Baxışovun moderatorluğu ilə keçirilmiş birinci panel müzakirələrində ticarət, biznes münasibətləri, mədəni və sosial bağlılığın ticarətin təşviqində rolu, ABŞ daşınmaz əmlak bazarı sisteminin Azərbaycanda tətbiqinin mümkünlüyü, istedadlı azərbaycanlı gənclərin iş və beynəlxalq maliyyə resurslarına çıxışı məsələləri müzakirə olunub.

Təhsil əlaqələri mövzusuna həsr olunmuş ikinci panel Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında ikili dərəcə magistr proqramının direktoru Sevinc Məmmədovanın moderatorluğu ilə keçirilib. Dünya Bankının təhsil məsələləri üzrə aparıcı iqtisadçısı Şiro Nakata və Corc Vaşinqton Universitetinin professoru Ceyms Vilyams Azərbaycanla ABŞ arasında təhsil proqramları barədə danışıb və paneldə Azərbaycanda təhsil sahəsində görülmüş işlər və mövcud çağırışları müzakirə edilib.

Mədəni və sosial əlaqələr mövzusuna həsr olunmuş üçüncü paneldə Texas Universitetinin orqan ifası üzrə professoru Cəmilə Cavadova-Spitzberq, ABŞ Konqres Kitabxanasının Türk dilləri üzrə kitabxanaçısı Müjgan Nəzərova, Yuta Universitetinin fleyta ifası üzrə professor köməkçisi Ceyran Həsən və “North Spring Behavioral Healthcare” təşkilatının insan resursları üzrə direktoru Maykl Qal iki ölkə arasında mədəniyyət, o cümlədən musiqi və incəsənət sahələrində əməkdaşlıq imkanlarından danışıblar. İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh təşkilatının prezidenti Vasif Eyvazzadənin moderatorluğu ilə baş tutmuş paneldə ABŞ-da Azərbaycan musiqisinin tanıdılması, Azərbaycan kitabxanalarının ABŞ Konqres Kitabxanası ilə əlaqələri, Azərbaycan kitabxana işinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Sonda bu cür müzakirələrin amerikalı azərbaycanlıların iki ölkə arasında münasibətlərin inkişafında rolunun daha da artırılmasına təkan verəcəyi qeyd olunub və hazırkı platformanın sonrakı dövrlərdə də sistemli şəkildə davam etdirilməsi qərara alınıb. (AZERTAC)

Oxşar xəbərlər