ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
"Vətən səsi" xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb. Bildirilir ki, telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub. Ərdoğan deyib ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi dayandırması tezliklə atəşkəsi təmin edə bilər. Telefon danışığı zamanı, həmçinin Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğanla Bayden F-16 məsələsi barədə də fikir mübadiləsi aparıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirilən brifinqdə deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır: "Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Biz Türkiyənin bu məsələdə məhsuldar rolunu alqışlayırıq. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”.
Elxan SALAHOV