Bu fikirləri Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib. O qeyd edib ki, Böyük Qayıdış beynəlxalq hüququn, ədalətin, BMT qətnamələrinin Azərbaycan tərəfindən təmin olunması deməkdir. Ölkəmiz 30 il ərzində sülh yolu ilə torpaqlarını işğaldan azad etmək istəsə də, Ermənistanın qeyri-konstruktivliyi, beynəlxalq təşkilatların məsələyə ikili yanaşması nəticəsində bu, mümkün olmadı. Bununla da bizə insan hüquqlarından, ədalətdən “dərs” verməyə çalışan bəzi ölkələri, beynəlxalq təşkilatları daha yaxşı tanıdıq, onların ikili siyasətinin məqsədini öyrənmiş olduq.
“Qələbədən sonra Böyük Qayıdışın təmin olunması mühüm, eyni zamanda, tarixi prosesdir. Düşmən tərəfindən minalanmış ərazilər qarış-qarış təmizlənməli, təhlükəsiz şərait yaradılmalıdır. İnsanların rahat yaşaması, iş şəraitinin yaradılması, Füzulidə, Zəngilanda, Laçında hava limanlarının, Zəfər yolu kimi meqalayihələrin icra edilməsi, yeni su elektrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, genişmiqyaslı tikinti-quruculuq işlərinin sürətlə aparılması ölkəmizin həm sülh niyyətini, həm də potensialını göstərir”,- deyə Y.Hacızadə bildirib.
O əlavə edib ki, düşməndən təmizlənən ərazilərdə yenidənqurma layihələri ən müasir texnoloji əsaslarla, “ağıllı kənd” konsepsiyaları çərçivəsində həyata keçirilir. Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərini əhatə edən “ağıllı kənd” layihəsi smart quruculuğun mükəmməl nümunəsidir. Layihəyə uyğun olaraq bərpa işlərində ən müasir şəhərsalma standartları tətbiq olunur.
Y.Hacızadə xatırladıb ki, işğaldan azad edilmiş rayonların çoxunun şəhərsalma planı hazırlanıb və bu istiqamətdə bərpa-quruculuq işləri sürətlə aparılır. İnanırıq ki, yaxın zamanlarda Ağalı kəndinə qayıdanlar kimi, digər rayonların da sakinləri uzun həsrətdən sonra öz doğma yurdlarında yaşamağa başlayacaqlar. (AZƏRTAC)