23.11.2024, 01:39
AZ EN
23.06.2022, 07:00 369

Səməd Seyidov: Azərbaycan bu gün yaratdığı reallıqla Avropaya məsləhət verir

XƏBƏRLƏR
  • AŞPA-da Avropada ən gərgin problemlərdən olan antisemitizm məsələsi müzakirə olundu. Bu gün tolerantlıq mühitinə görə Azərbaycan bütün ölkələrə nümunədir. Buna görə də heç də təsadüfi deyil ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin əksəriyyəti müzakirələrə qoşularaq çıxış etdi. Nümayəndə heyətimizin üzvləri ölkədəki proseslərdən, millətlərarası münasibətlərdən, dinlərarası əlaqələrdən, multikulturalizmdən, Prezident İlham Əliyevin apardığı siyasətdən, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən Avropaya məlumatlar verdilər.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib. O deyib: “Bu məsələyə düzgün yanaşan, münasibət göstərən Azərbaycan fəaliyyəti ilə sübut etdi ki, ermənilərin dini, millətlərarası məsələlərlə bağlı Azərbaycana qarşı yürütdükləri iddialar tamamilə böhtan xarakterlidir. Azərbaycanda xüsusi harmoniya mövcuddur. Bütün etnik qruplara, dinlərə hörmətlə yanaşılır”.

Səməd Seyidov vurğulayıb ki, bu gün ölkəmizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasətinin bəhrəsidir. Ölkədəki mövcud millətlərarası münasibətlər Azərbaycanı tamamilə yeni müstəvidən təqdim edir, Qarabağda yaratdığımız yeni reallığı sübut və təsdiq edir. Nümayəndə heyətimizin üzvlərinin çıxışları bir daha göstərdi ki, Azərbaycanda başqa millətlərin hüquqları necə qorunursa, eləcə də ermənilərin hüquqları qorunacaq. Hər hansı başqa iddianın əsası yoxdur və ola da bilməz. Bu baxımdan bugünkü müzakirələr çox vacib müzakirələr idi. Bu müzakirələr başqa müstəvidə olan müzakirələr idi.

“Bu gün Azərbaycan Avropa problemlərinin həllinə töhfələrini verir. Azərbaycan elə bir reallıq yaradıb ki, o, artıq Avropada gedən prosesləri təhlil edir və ona məsləhətlər verir. Bu, ölkəmizin böyük nailiyyətidir”, - deyə S.Seyidov bildirib.

O deyib ki, artıq azərbaycanlı deputatlar qurumun Monitorinq Komitəsinə sədrlik edirlər. Monitorinq Komitəsinin məruzəçiləri təyin olunublar.

Sessiyanın uğurla keçdiyini bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, bu uğurun əsasında Azərbaycan Prezidentinin regionda, ölkədə yaratdığı yeni reallıq durur. Müasir Azərbaycanın siyasi çəkisi, onun Avropada, dünyada təsir qüvvəsidir. Bu təsir qüvvəsini AŞPA-dakı nümayəndə heyətimizin üzvlərinin hər biri qurumun sessiya zalında, eləcə də çıxışlarına olan reaksiyalarda aydın görürlər. (AZƏRTAC)

Oxşar xəbərlər