20.10.2024, 04:45
AZ EN
05.12.2023, 12:20 313

Rafael Hüseynov: Ermənistanın mədəni irsə ziyan vurulmasından bəhs etməyə mənəvi haqqı yoxdur

XƏBƏRLƏR
  • Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ərəfəsində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilir.

İki gün davam edəcək komitə iclasında mədəni irs, təhsil, ifadə azadlığı, mətbuat və jurnalistikanın bir sıra aktual problemlərinə dair məruzələr müzakirə olunacaq.

AŞPA-nın Parisdə keçirilən komitə iclasında avropalı deputatlarla yanaşı, bir sıra nüfuzlu Avropa təşkilatlarından gəlmiş ekspertlər də iştirak ediblər.

Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sədrliyi ilə keçirilən komitə iclasında ukraynalı deputat Yevheniya Kravçukun hazırladığı “Müharibə və sülh dövründə mədəni özünəməxsusluğun aradan qaldırılması”na dair məruzə müzakirə olunub.

Müzakirələr zamanı R.Hüseynov erməni deputatın Qarabağdakı erməni mədəni irsinə guya Azərbaycanın arzuolunmaz münasibət bəsləməsinə dair çıxışına münasibət bildirərək, Ermənistanın işğalçı qüvvələrinin 30 ilə yaxın müddətdə Azərbaycanın zəbt olunmuş ərazilərində milli mədəni irsimizə vurduğu ziyanları faktlarla diqqətə çatdırıb. Bildirib ki, hər bir xalq özünəməxsus mədəni irs yaratsa da, bu irs bəşəriyyətə məxsusdur. Ona görə də, onların qorunması, xüsusilə də hərbi münaqişələr zamanı qorunması hamının borcudur.

“Azərbaycanda, 2020-ci ilin noyabrında 28 illik işğaldan sonra azad edilmiş Ağdam rayonunun Boyəhmədli kəndində əlləri göyə açılmış iri daş heykəl var idı. Bu heykəlin 2200 yaşı vardı və alimlər həmin bölgədəki bu və digər qədim daş heykəllər barədə tədqiqat aparıb və yazıblar. O heykəllərin fotoları 1980-ci illərdə buraxılan albomlarda nəşr edilib. 2200 yaşı olan bu abidə yalnız Azərbaycanın sərvəti deyil, bəşəriyyətin sərvəti idi. Yaşı min illərlə ölçülən mədəni irs nümunəsini dünyanın hansı guşəsində yerləşməsindən asılı olmayaraq, hamının sərvəti hesab etmək olar. Hamımıza məxsus həmin abidə artıq yoxdur. Müharibənin qurbanına çevrilib. Bütövlükdə isə 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycanın ölkə və dünya əhəmiyyətli 100 mindən artıq mədəniyyət nümunəsi yararsız hala salınıb və qəsb edilib, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılıb”, - deyə azərbaycanlı deputat Azərbaycan mədəni irsinə vurulmuş ziyandan danışaraq, hələ 2001-ci il iyunun 27-də Assambleyada hazırladığı “Azərbaycan mədəni irsinin dağıdılması və qəsb edilməsi” adlı 9147 saylı tövsiyə təklifini xatırladıb. Bildirib ki, Ermənistan tərəfinin guya onların mədəni irsinə Azərbaycan tərəfindən hər hansı zərər vurulmasına dair iddiaları ən azı kinayəli gülüşlə qarşılana bilər.

Deputat Rafael Hüseynov iclasda iştirak edən komitə üzvləri və dəvətli qonaqlara Azərbaycan mədəni irsinə qarşı erməni vandalizminə bilavasitə şahid olmasından da söz açıb və erməni deputata belə mövzularla bağlı danışmasının daha münasib olduğunu bildirib.

“Cənnət və cəhənnəm haqda çox oxusaq, eşitsək də, heç kəs onu görməyib. 30 il qabaq, erməni işğalından əvvəl Qarabağ o qədər gözəl idi ki, onu “Cənnət Qarabağ” adlandırırdılar. Mən ilk dəfə uzun ayrılıqdan sonra işğaldan azad edilmiş Qarabağda 2021-ci ilin avqustunda oldum. Min kilometrlərlə ərazi sanki nüvə müharibəsindən çıxıb. İşğalçı həmin əraziləri xarabazara, əsl cəhənnəmə çevirib. Nəinki mədəni irsin hər hansı nümunəsi, hətta ən adi tikililər belə bünövrəsinədək məhv edilib. Bunları edən tərəfin heç bir əsas olmadan qarşı tərəfi ittiham etməyə, ümumilikdə, mədəni irsdən bəhs etməyə mənəvi haqqı varmı?! Əlbəttə yoxdur, ən yaxşısı susmaq və özünü biabır etməməkdir”, - deyə R.Hüseynov erməni deputata irad tutub.

Deputatımız işğal faciəsini yaşamış Azərbaycanın mədəni irs ilə bağlı məsələlərə həmişə həssalıqla yanaşdığını vurğulayaraq bildirib ki, dünyanın hansı guşəsində olmasından asılı olmayaraq, mədəni irsə müharibədən, ya digər səbəbdən dəyən hər bir ziyanı öz ağrımız kimi qəbul edir, ürək ağrısı və etirazla qarşılayırıq. (AZƏRTAC)

Oxşar xəbərlər