24.12.2024, 03:42
AZ EN
04.12.2023, 12:46 307

Fransa Ermənistanı Azərbaycanla sərhəddə toqquşdurmaq istəyir

XƏBƏRLƏR
  • Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Bu dəfə həm “Bastion” tipli zirehli texnika, həm də radar və zenit-raket kompleksləri Ermənistana çatdırılacaq.

“Vətən səsi” xəbər verir ki, Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Mütəxəssislərin fikrincə, bu, Parisin İrəvana hücum silahlarını göndərməyə hazırlaşması deməkdir.

Xatırladaq ki, Fransa bundan əvvəl Ermənistana “Bastion” tipli 24 zirehli texnika göndərmişdi. Rəsmi Paris “Azərbaycan Ermənistana hücum edəcək” iddiası ilə İrəvanı silahalandırmasına haqq qazandırmağa çalışdı. Azərbaycan tərəfinin etirazlarından sonra Ermənistana göndərilən silahların “müdafiə xarakteri” daşıdığını bəyan edən Fransa “Bastion” tipli zirehli texnikaların heç bir ölkəyə qarşı yönəlmədiyini açıqladı. Lakin Fransanın Ermənistana yenidən artilleriya sistemləri göndərməsinə dair müzakirələrə başlaması silahlandırmanın konkret məqsəd daşıdığı və müntəzəm xarakter alacağını deməyə əsas verir.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Fransa “Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və “Mistral” zenit-raket komplekslərinin tədarükünü “müdafiə” adı altında həyata keçirsə də bunun başlanğıc olduğu və növbəti mərhələdə Ermənistana hücum silahlarının göndəriləcəyi gözlənilən idi. Onun sözlərinə görə, Qarabağda erməni separatizminin birdəfəlik ləğv edilməsi və Azərbaycanın təklif etdiyi nəqliyyat-kommunikasiya şəbəkəsi layihəsinin İranla razılaşdırılmasından sonra Ermənistandan keçəcək Zəngəzur dəhlizinə marağın azalması Ermənistanı və regionda xüsusi marağı olan Fransanı proseslərdən kənarda qoyub: “Belə bir şəraitdə “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bununla belə, Fransa sülh danışıqları fonunda Ermənistanı silahlandırmaq üçün büxtəlif bəhanələr axtarır, Azərbaycana qarşı mümkün təxribat ssenarisi qurur. Rəsmi Parisin bu canfəşanlığının arxasında regionda söz sahib olmaq istəyi dayanır. “Bastion” tipli zirehli texnikalarının ardınca “Sezar” tanklarının da Ermənistana göndərməsinin gündəmə gəlməsi də eyni məqsədə xidmət edir”.

Asif Nərimanlı hesab edir ki, rəsmi Parisin sülh danışıqları prosesində Bakıya siyasi təzyiqləri nəticə verməyəcək. Onun fikrincə, bu prosesdə Azərbaycanı geri addım atmaması Fransanın Ermənistanı silahlandırmaq istəyini bir az artıracaq: “Hətta Paris Ermənistan vasitəsilə regionda söz sahibi olmaq, Rusiyanın yerini tutmaq üçün yeni eskalasiyaya şərait yaradacağı istisna deyil. Bu esakalsiyanın yeganə platforması isə Azərbaycanla sərhəddir. Yəni, Fransa “hava hücumundan müdafiə silahları” adı altında zenit-raket kompleksləri və digər hərbi texnikalarla təchiz etdiyi Ermənistanı Azərbaycanla sərhəddə toqquşdurmaqla öz niyyətinə çatmaq istəyir”.

Elxan SALAHOV

Oxşar xəbərlər