13.12.2024, 01:36
AZ EN
13.11.2023, 20:17 301

Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümü Bakıda qeyd olunub

XƏBƏRLƏR
  • Noyabrın 13-də Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 40-cı ildönümü münasibətilə tədbir keçirilib.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan xalqını və dövlətini ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbrik edən diplomat ölkələrimiz arasında mövcud münasibətləri qeyd edib.

Ölkəsinin müstəqillik tarixindən və inkişafdan danışan U.Turganer Şimali Kipr xalqının müstəqil yaşadığını və gündən-günə inkişaf etdiyini bildirib.

U.Turgener Şimali Kiprin rəhbəri Ersin Tatarın ölkənin gələcəyi üçün gördüyü işləri qeyd edib və Kiprlə münasibətlərin normallaşması istiqamətində səylərini vurğulayıb.

Ersin Tatarın ötən ay Azərbaycana səfərindən danışan diplomat ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasını qeyd edib,

Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edən xanım Ufuk Turganer ölkələrimiz arasında əlaqələrin inkişafının yeni mərhələsinin başlandığını deyib.

Türkiyənin hər zaman Azərbaycanın və Şimali Kiprin yanında olduğunu qeyd edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır. Bu ölkədə təhsil alan tələbələrimizin sayı kifayət qədərdir. Siyasi əlaqələrimiz də getdikcə inkişaf edir.

Bu günlərdə Azərbaycan Zəfərinin 3-cü ildönümünü təntənə ilə qeyd etdiyini bildirən S.Seyidov Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.

"Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və hər birimizi qürurlandırır", - deyə Səməd Seyidov bildirib.

Tədbir daha sonra konsert proqramı ilə davam edib. (AZERTAC)

Oxşar xəbərlər