20.10.2024, 22:53
AZ EN
13.11.2023, 14:50 195

Qarabağda qalan ermənilərin sayı 1000 nəfərdən də azdır

XƏBƏRLƏR

Hazırda Qarabağ bölgəsində qalan, Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən ermənilərin sayı 1000 nəfərdən azdır.

"Vətən səsi" xəbər verir ki, bunu Vatikanda və İtaliyada səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “In Terris” analitik-xəbər portalına müsahibəsində deyib. Qarabağ müharibəsi, Azərbaycanın həmin regionunda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsi, onların geri qayıtmaq perspektivi, habelə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması ilə bağlı planlardan danışan Elçin Əmirbəyov deyib ki, antiterror tədbirlərindən sonra Qarabağı tərk etmiş ermənilər Azərbaycan vətəndaşı deyil: "Onlar hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün bizim vətəndaşlarımız sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdəbiri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən 1000-dən az insan qalıb".

Prezidentin xüsusi nümayəndəsi diqqətə çatdırıb ki, bir çox ölkələrin konstitusiyasında, o cümlədən İtaliyada dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan edilib. Məhz bu baxımdan ümumi ab-havaya nəzərən keçmişdə Qarabağ bölgəsində yaşayan erməniləri geri qaytarmaq mürəkkəb məsələdir: "Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq proqnozlaşdırılabilən bir seçimdir. Lakin bu, onların özlərinin fərdi seçimi olub. Baxmayaraq ki, Azərbaycan hökuməti onları ölkəni tərk etməməyə çağırışlar edib. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və bu insanların təhlükəsizliyinə, hüquqlarına, iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, - onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, - cəlbedici rol oynaya bilər".

Elxan SALAHOV

Oxşar xəbərlər