Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ordumuzun, xalqımızın vəhdəti ilə şanlı zəfər tariximizin yazıldığı 44 günlük Vətən müharibəsindən danışaraq bu birliyin son iki yüz ilin ən parlaq qələbəsinin əsasını təşkil etdiyini vurğulayıb.
Sədr bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqı qalib xalq olmağın qürurunu yaşadı, Dövlət başçısının güclü siyasi iradəsi, əzmi ilə bir araya gələn dəmir yumruq vəhdəti bölgədəki separatçılığa, hərc-mərcliyə son qoydu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, regionda sülh üçün geniş imkanlar açıldı. Bu qələbə Qərbi Azərbaycanlıları da öz ata – baba yurdlarına geri dönmək uğrunda ümidləndirdi, ruh verdi. Dəfələrlə öz dogma torpaqlarından deportasiya edilən soydaşlarımız indi öz tarixi vətənlərinə qayıdıb orda yaşayacaqlarına böyük inam bəsləyirlər.
QAİ-nin Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı, Ramin Məmmədov "8 Noyabr – Zəfərə gedən yol” mövzulu çıxışında qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən 30 illik işğal siyasəti bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsi zamanı əldə edilən qalibiyyət bu maneəni ortadan qaldırmaqla, yeni bir dövrün başlanğıcını qoydu. İki ölkə arasında sülh danışıqlarına start verildi, Cənubi Qafqazın ən güclü dövləti olaraq Azərbaycan regionun yeni reallığını yaratdı.
Ardınca “Vətən Müharibəsinin Həkim Qəhrəmanları” mövzusunda söz alan QAİ Müşahidə Şurasının üzvü, Basarkeçər rayon icmasının sədri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, I və II Qarabağ Müharibəsinin iştirakçısı Nuru Bayramov Zəfər salnaməmizin yazıldığı günlərdə bu şərəfli peşəni daşıyanların ordumuzla çiyin-çiyinə dayandığını, bir an belə düşünmədən ən qaynar nöqtələrdə olan əsgərlərimizə yardım göstərə bilmək üçün bütün güclərini ortaya qoyduqlarını vurğulayıb.
QAİ Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov “Ali Baş Komandanının milli birlik və vətənpərvərlik siyasətinin milli ruhlu vətənpərvər gənclərin yetişməsində və qələbə qazanılmasında rolu” mövzusunda danışaraq deyib ki, Vətən müharibəsi Ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu da aydın şəkildə sərgiləmiş oldu. Millət vəkili vətən yolunda canından keçən şəhidlərimizi ehtiramla anıb, qazilərimizə can sağlığı diləyib və bildirib ki, 44 günlük müharibə zamanı Azərbaycan gəncləri çağırış məntəqələri qarşısına gələrək döyüşlərə qatılmaq üçün sıraya girirdilər. Bu gənclərin vətən sevgisi, milli ruhu qələbəmizi şərtləndirən başlıca amillərdəndir.
QAİ İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən 44 Günlük Vətən Müharibəsinin və 19 sentyabr antiterror tədbirlərinin regionda yaratdığı geosiyasi reallıqlardan bəhs edərək bu gün Azərbaycanın hər nöqtəsində üçrəngli bayrağımızın dalğalandığını, regionda münaqişə ocağının qalmadığını xüsusi olaraq vurğulayıb. Ramil Həsən bildirib ki, bölgədə dayanıqlı sülhün olması üçün Ermənistandan zorla çıxarılmış Azərbaycanlıların öz ata – baba yurdlarına geri qayıtması mütləq əhəmiyyət kəsb edir. Qayıdış Konsepsiyasında da qeyd olunduğu kimi, bu sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə baş verməli, soydaşlarımızın pozulan hüquqları bərpa olunmalıdır.
Milli suverenliyin simvolu kimi 9 Noyabr - Dövlət Bayrağı Gününün təsis olunmasının Azərbaycan dövlət rəmzlərinə hörmət və ehtiramın təmin edilməsində tarixi rolu mövzusunda danışan QAİ İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbənin Azərbaycan tarixində misilsiz önəm daşıdığını, dövlətçiliyimizin ən parlaq səhifələrindən olduğunu qeyd edib. (Report)