23.12.2024, 23:41
AZ EN
21.08.2023, 21:40 281

Politoloq: Ermənistanın sülhün pozulması ilə nəticələnəcək cəhdləri cavabsız qalmayacaq

XƏBƏRLƏR
  • BMT Təhlükəsizlik Şurasındakı (TŞ) uğursuzluğundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan növbəti şounu göstərib. O, Zəngəzur vilayətində yerləşən Qafan rayonuna səfər edərək, hava limanın istifadəyə veriləcəyini bildirib. Ziqzaqvari siyasət “ustası” olan N.Paşinyanın bunu BMT-dəki fiaskosundan sonra erməni cəmiyyətində artan antihökumət çağırışlarını azaltmaq məqsədilə etdiyi aydındır. Baş nazir yenə də populist addımlarla ona qarşı olan narazılığı azaltmağa çalışır.

Qafan Hava Limanı Azərbaycan sərhədinin yaxınlığında yerləşir. İki ölkə arasında sərhədlər müəyyən olunmadan və sülh razılaşması təmin edilmədən belə bir addımın atılması Ermənistanın fikri yayındırma cəhdidir. Azərbaycan mövqelərindən hava limanının daxili ərazisi heç bir texniki vasitə olmadan, gözlə aydın-açıq şəkildə görünür. Həmçinin hava limanı Azərbaycan sərhədinə o qədər yaxındır ki, oradan istifadə zamanı qalxan və enən təyyarələrin sərhədi pozması istisna deyil.

Bu sözləri açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Qafan Hava Limanının 1991-ci ilə qədər fəaliyyət göstərdiyini bildirən politoloq deyib: “Sovet dövründə bütün respublikalar vahid məkanın tərkib hissəsi olduğu üçün faktiki olaraq sərhədlər yox idi. Azərbaycan da 2020-ci ildə torpaqları işğaldan azad etdikdən sonra həmin ərazilərdə bir neçə hava limanı tikəcəyini bildirdi. Bu zamana qədər Füzuli və Zəngilanda yeni Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın rayonunda yerləşən aeroportun inşası isə davam edir. Azərbaycan bu istiqamətdə işləri görən zaman bölgənin iqlim şəraitini, ərazinin relyefini və coğrafi mövqeyini, o cümlədən bu sahədə olan beynəlxalq təcrübəni və Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo) şərtlərini nəzərə alıb. Yəni, Azərbaycanın bütün bunlara əməl etməsi ilə işğaldan azad olunmuş ərazilərində qurulmuş hava limanlarının fəaliyyəti zamanı Ermənistanın sərhədlərinin pozulması riski aradan qaldırılıb. Amma Qafan Hava Limanının istifadəyə verilməsi Ermənistanın da imzaladığı Konvensiyanın şərtlərini pozur. Həmin Konvensiyanın şərtlərinə görə dövlətlərin öz hava məkanı üzərində tam və müstəqil suverenliyi var və bu hüquq pozulmamalıdır. Eyni zamanda, beynəlxalq hava hüququnun əsas prinsiplərindən biri də mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsidir. Qafan Hava Limanının fəaliyyətə başlaması ilə həm Azərbaycanın dövlət sərhədlərinin pozulması, həm də mülki aviasiya vasitələri üçün təhlükə mövcud olacaq”.

Politoloq əlavə edib ki, Qafan Hava Limanının istifadəsi yeni təxribatların baş verməsi ilə nəticələnə bilər. Ona görə də Ermənistan beynəlxalq hüquqa uyğun olmayan bu fəaliyyətini Azərbaycanla razlaşdırmalıdır. Beynəlxalq təcrübədə dövlətlərin sərhəd ərazilərində yerləşən hava limanlarının birgə istifadə edilməsi ilə bağlı geniş təcrübə var. Fransa–İsveçrə-Almaniya, Böyük Britaniya–İspaniya–Cəbəllütariq, ABŞ–Meksika və ABŞ–Kanada kimi dövlətlər ümumi hava limanlarına malikdirlər.

Azərbaycanla sülh sazişinin imzalanmaması və bölgədə münaqişənin davam etməsini istəyən qüvvələrin dəstəyi ilə yeni revanşın planlaşdırılması onu deməyə əsas verir ki, Qafan aeroportundan Ermənistanın hərbi məqsədlərlə istifadə edəcəyi qənaəti formalaşsın. Əlbəttə, Ermənistanın birtərəfli hərəkətləri və yeni təxribatlar yaratmaqla regionda sülhün pozulması ilə nəticələnəcək cəhdləri Azərbaycan tərəfindən cavabsız qalmayacaq. (AZERTAC)

Oxşar xəbərlər