Bu fikirləri hazırda Almaniyada yaşayan, İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani Haaqada təşkil olunmuş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində müsahibəsində deyib.
O bildirib ki, ilk dəfədir Avropada Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransda iştirak edir və bu tədbir çox uğurludur. “Qərbi Azərbaycandan olan bütün soydaşlarımızı birləşdirmək, həmrəy və güclü olmaq üçün belə konfranslar vacibdir. Bu konfranslarda bir-birimizi görə və fikir mübadiləsi apara bilirik. Biz birlikdə eyni istiqamətdə irəliləməyə və hər bir məqsədimizə çatmaq üçün gücə malik olarıq. Əminəm ki, tezliklə doğma torpaqlarımıza - əcdadlarımızın yurduna qayıda biləcəyik”, - deyə Əmir Əli Sərdari İrəvani diqqətə çatdırıb.
Qeyd edilib ki, hətta Ermənistandan bəzi elmi tədqiqatçılar onu Yerevana dəvət ediblər, ancaq o, bu dəvətlərə müsbət cavab verməyib. Çünki Yerevana, sadəcə, şəhəri görmək üçün getmək istəmir. O, Qərbi Azərbaycandan olan soydaşlarımızın birliyi sayəsində tezliklə əcdadlarımızın torpaqlarına –Yerevana sülh yolu ilə qayıdacağına əmin olduğunu deyib.
Qeyd edək ki, İrəvani konfransda çıxışında əcdadlarının tarixinin xalqın mədəni kimliyinin əsasını təşkil etdiyini, insanlar arasında kimlik və mənsubluq hissini gücləndirdiyini vurğulayıb. Bildirib ki, işğalçılar tarixi təhrif etməyə çalışanda, dədə-baba tarixinə müraciət etmək müqavimət formasıdır. Tarix həqiqətlərin qorunub saxlanılmasına və dezinformasiyaları düzəltməyə kömək edir. Həmçinin o, doğma yurda qayıdış üçün vahid siyasətin önəmini vurğulayıb. (AZƏRTAC)